İDMAN
Azərbaycanda həndbolun inkişafı istiqamətində fikir mübadiləsi aparılıb
Bakı, 8 iyun, AZƏRTAC
İyunun 8-də Avropa Həndbol Federasiyasının Avstriyanın paytaxtı Vyanada yerləşən baş ofisində görüş keçirilib. Azərbaycan Həndbol Federasiyasının (AHF) prezidenti Saleh Məmmədov, birinci vitse-prezident Orxan Abbasov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Ernest Ağakişi Avropa Həndbol Federasiyasının prezidenti Mixael Viderer və baş katib Martin Hausleytner ilə görüşdə bir sıra məsələləri müzakirə edib.
AHF-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Azərbaycanda həndbolun inkişaf istiqaməti, qarşılıqlı əməkdaşlıq, beynəlxalq yarışların keçirilməsi, uşaq həndbolunun inkişaf etdirilməsi, gənc hakimlərin yetişdirilməsi, məşqçilərin beynəlxalq seminarlarda iştirakı, həmçinin Avropa Həndbol Federasiyasında fəaliyyət göstərən komissiyalarda təmsilçilik barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan həndbolundan bəhs edən videoçarx nümayiş olunub, nümayəndə heyətimiz tərəfindən Avropa Həndbol Federasiyasının prezidentinə hədiyyələr təqdim edilib.
İyunun 9-da davam etdiriləcək görüşdə digər məsələlər də müzakirə olunacaq.