AZƏRBAYCANDA HEYVAN VƏ QUŞ NÖVLƏRİNİN MÜHAFİZƏSİ VƏ ÖYRƏNİLMƏSİNƏ MÜHÜM ƏHƏMİYYƏT VERİLİR
Bakı, 4 oktyabr (AZƏRTAC). “Birdlife İnternational” təşkilatının təklifi ilə oktyabrın 3-də planetimizin hər bir guşəsində Dünya Quşların Müşahidəsi Günü kimi qeyd olunmuşdur.
Həmin günün qeyd olunmasının məqsədi geniş kütləni quşların yaşam tərzi barədə məlumatlandırmaq, onların mühafizəsi problemlərinin, o cümlədən insanların fəaliyyəti və ətraf mühitin çirklənməsi nəticəsində bəzi növlərin sayının azalması, yaxud kökünün kəsilmək təhlükəsi altında olmasını diqqətə çatdırmaq, keçirilən aksiyalara daha çox insan cəlb etməklə onları daha çox quş növləri ilə tanış etməkdir.
Oktyabrın 4-ü isə Dünya Heyvanların Mühafizəsi Günüdür.
1931-ci ildə İtaliyanın Florensiya şəhərində keçirilmiş təbiətsevərlərin Beynəlxalq Konqresində qəbul edilmiş qərara əsasən, hər il bu əlamətdar gün bir çox dünya ölkələrində təbiətsevərlər tərəfindən qeyd olunur.
Dünya Vəhşi Təbiət Fondunun məlumatına əsasən, hər saat Yer üzündən 3 növ heyvan silinir, o cümlədən dəniz heyvanlarının 35 faizi artıq tamamilə məhv olmuşdur. Bu tədbirlərin də məqsədi məhz beynəlxalq ictimaiyyətin diqqətini heyvanlar aləminin problemlərinə yönəltməkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsi, Azərbaycanın ekoloji problemlərinin həllinə yönəlmiş fəaliyyətində bioloji müxtəlifliyin qorunub saxlanılması, xüsusən heyvan və quş növlərinin mühafizəsi və öyrənilməsi xüsusi yer tutur.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, bu məqsədlə Altıağac Milli Parkı nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiyası Klinikası yaradılmışdır. Mərkəzin əsas məqsədi qeyri-qanuni əldə edilmiş heyvan və quş növlərinin reabilitasiya edilərək vəhşi təbiətə uyğunlaşdırıldıqdan sonra təbiətə buraxılması, nadir və sayı azalmaqda olan heyvan növlərinin süni və yarımqapalı şəraitdə saxlanılmasının təşkili, sayının hesablanması, bərpası və təbiətə qaytarılması işlərinin aparılmasından ibarətdir.
Ötən müddətdə mərkəzdə reabilitasiyasını başa vuran onlarla canlı dəfələrlə ictimaiyyətin iştirakı ilə vəhşi təbiətə buraxılmışdır.
Son illər nazirlik tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində hazırda ölkəmizdə ümumi sahəsi 890 min hektaradək xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 8 milli park, 12 dövlət təbiət qoruğu və 23 dövlət təbiət yasaqlığı mövcuddur. Ümumilikdə onların sahəsi ölkə ərazisinin təqribən 10,3 faizini təşkil edir.