Azərbaycanda ilk dəfə poliuretan çəkmələr istehsal olunacaq
Bakı, 19 aprel, AZƏRTAC
Ağdam Sənaye Parkının rezidenti “BAFCO İnvest” MMC tərəfindən Azərbaycanda ilk dəfə olaraq poliuretan çəkmələrin istehsalı həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, müasir standartlara cavab verən ayaqqabılar görünüşü ilə fərqlənəcək. Təhlükəsizlik tipli ayaqqabıların dabanlarında poliuretan və termo poliuretandan istifadə olunacaq. Çəkmələrin dizaynını italyan mütəxəssislər hazırlayacaqlar. Müəssisədə istehsal olunacaq məhsullar daxili bazarla yanaşı, ixraca da yönəldiləcək. İstehsalın 70 faizdən çoxu ixrac potensiallıdır. Sənaye Parkında istehsal olunacaq ayaqqabıların ilk nümunələrinin bu ilin noyabrında satışa çıxarılacağı gözlənilir. Fabrik bölgədə məşğulluğun təmin olunması baxımından vacib rol oynayacaq. Müəssisədə 120 işçi çalışacağı nəzərdə tutulur.