Azərbaycanda kosmonavtikanın inkişafı geniş vüsət alıb VİDEO
Bakı, 11 dekabr, AZƏRTAC
Ölkəmizdə səfərdə olan NASA-nın qadın astronavtı, “Space Shuttle” ekipajının üzvü və donanma kapitanı Haydemari Payper ilə dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, akademiyanın Alimlər Evinin təşkil etdiyi görüşdə H.Payperi Bakıda görməkdən məmnunluğunu bildirən AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycanda dövlət tərəfindən kosmonavtikanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Ölkəmizdə bu sahənin inkişafının geniş vüsət aldığını vurğulayan akademik deyib: “Azərbaycan dövləti kosmik tədqiqatların aparılmasına böyük əhəmiyyət verir. Bu istiqamətdə gənc alimlərin hazırlanması bizim üçün əhəmiyyətlidir. “Azərkosmos”un yaradılması böyük bir hadisədir. AMEA ilə bu qurum arasında sıx əməkdaşlıq var. Amerikadan gələn kosmonavtların təcrübələrini gənc alimlərimizlə bölüşmələri bizim üçün böyük əhəmiyyət daşıyır”.
ABŞ-ın Azərbaycandakı səfirinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Haydi Smit əməkdaşlıq əlaqələrinin sürətlə genişlənməsindən bəhs edib. Bildirilib ki, H.Payperin Azərbaycana səfəri bu münasibətlərin yaxşı səviyyədə olmasının parlaq nümunəsidir.
Səfirlik ilə AMEA arasındakı əməkdaşlığa toxunan H.Smit diqqətə çatdırıb ki, iki qurum arasında növbəti illərdə də birgə tədbirlər həyata keçiriləcək.
H.Payperin kosmonavtika sahəsində qazandığı uğurlardan danışan AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov kosmonavtın açıq kosmosda 33 saat 42 dəqiqə vaxt keçirdiyini qeyd edib. Vurğulanıb ki, görüş gənclərimizin bu sahəyə maraqlarının artması baxımından böyük əhəmiyyət daşıyır.
“Azərkosmos” ASC-nin idarə heyətinin sədri Rəşad Nəbiyev bu qurumun hazırkı fəaliyyəti, təqdim etdiyi peyk xidmətləri və perspektiv planları barədə məlumat verib. Amerikalı elm adamlarının və kosmonavtların təcrübələrini azərbaycanlı alimlərlə bölüşmələrinin vacibliyini vurğulayan R.Nəbiyev deyib: “XXI əsr kosmos əsridir. Hansı dövlətlər kosmosun imkanlarından daha geniş istifadə edirlərsə onlar daha böyük nailiyyətlərə imza ata bilirlər. Azərbaycanda kosmik cihazların hazırlanmasının əsası 1970-ci illərdə qoyulub. Müstəqillik illərində kosmos sahəsində də əldə etdiyimiz nailiyyətlər hər birimizin milli sərvətinə çevrilməkdədir”.
Fəaliyyətinə dair təqdimatla çıxış edən H.Payper fəzanın öyrənilməsi istiqamətində aparılan tədqiqatlardan danışıb, kosmosda qazandığı təcrübəni, üzləşdiyi çətinlikləri iştirakçılarla bölüşüb.
Sonda qonaq tədbir iştirakçılarının suallarını cavablandırıb.