CƏMİYYƏT
Azərbaycanda sosial inkişaf paketləri ötən illərlə müqayisədə daha çox insanı əhatə edir ŞƏRH
Bakı, 30 noyabr, AZƏRTAC
Ötən beş illik dövrdə Azərbaycanda 4 böyük sosial islahat paketi həyata keçirilib. Bu, ölkə əhalisinin 4 milyonunu əhatə edir. Yanvardan etibarən növbəti sosial islahat paketi reallaşdırılacaq. Eyni zamanda, qısa bir dövrdə ölkədə minimum əməkhaqqı 2,7, minimum pensiya isə 2,5, orta aylıq pensiya 2,4 dəfə artıb. Bütün bu göstəricilər Azərbaycanın sosial-siyasətinin daim inkişaf etməsinin göstəricisi kimi qiymətləndirilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib.
Onun sözlərinə görə, müasir dünya ölkələri ilə müqayisədə bu artım göstəriciləri böyük miqyası əhatə edir. Azərbaycanın pandemiyadan, müharibədən çıxmış ölkə olmasına baxmayaraq bu artımlar dəfələrlə həyata keçirilir. Bu isə onu göstərir ki, Azərbaycan hökuməti üçün ölkə vətəndaşının rifahı hər şeydən öndə gəlir. Ən həssas təbəqədən olan, müavinət və təqaüd alan insanların ödənişləri beş dəfə artıb. Bu dövrdə əmək müqavilələrinin sayında 600 minə yaxın artım olub. Ölkənin əməkhaqqı fondu 3 dəfə artırılıb. Təbii ki, bütün bunlar Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən uğurlu siyasi proqramın göstəricisidir.
“Sosial inkişafla bağlı ötən illərlə müqayisədə artıq 160 xidmət göstərilir ki, bunun 145-i elektronlaşdırılıb. Xidmətlərin 90 faizi isə proaktiv formada həyata keçirilir. Bütün bunlar sosial sahədə əvvəlki illərlə müqayisədə şəffaflığın göstəricisi kimi dəyərləndirilməlidir. Bu gün aidiyyəti nazirlik tərəfindən 2023-2026-cı illəri əhatə edən sosial inkişafla bağlı həyata keçirilən proqram çərçivəsində regionlarda sorğular aparılır. Bu sorğular əhalinin əsasən həssas qruplarının və ahılların ehtiyaclarının dəyərləndirilməsinə yönəlib. Təbii ki, bu addım özü peşəkar yanaşmanın göstəricidir”, - deyə QHT sədri vurğulayıb.