Azərbaycanda təhsil standartları yenilənir: vətəndaşlıq ayrıca səriştə olacaq VİDEO
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycanda ümumi təhsil üzrə yeni standartların hazırlanması istiqamətində iş aparılır. Yeni sənəddə vətəndaşlıq ayrıca səriştə kimi müəyyənləşdiriləcək, mədəniyyətlərarası dialoq və rəqəmsal vətəndaşlıqla bağlı bacarıqlar bütün fənlərin məzmununa inteqrasiya olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiyanın ikinci panelində çıxışı zamanı deyib. O bildirib ki, yeni standartların bu ilin sonunadək tamamlanması planlaşdırılır. Yeni sənəd ümumi təhsildə səriştələrin formalaşdırılmasına fərqli yanaşmanı nəzərdə tutur. O qeyd edib ki, indiyədək mədəniyyətlərarası dialoq və rəqəmsal biliklərlə bağlı bacarıqlar əsasən ayrı-ayrı fənlər çərçivəsində formalaşdırılıb. Yeni yanaşmaya əsasən isə bu istiqamətlər müxtəlif fənlərin tədrisi prosesində inkişaf etdiriləcək.
“İlk növbədə, yeni sənəddə səriştələr üzrə ayrıca çərçivə yaradılacaq. Bu çərçivədə vətəndaşlıq müstəqil səriştə kimi müəyyənləşdiriləcək. Bu isə irəliyə doğru atılmış mühüm addımdır. Yeni yanaşma fənlərarası xarakter daşıyacaq. Mədəniyyətlərarası dialoq və rəqəmsal vətəndaşlıqla bağlı səriştələr üzərində yalnız bir fənn deyil, müxtəlif fənlər işləyəcək. Yeni səriştələrə yanaşma dörd əsas komponenti - bilik, bacarıq, münasibət və dəyərləri əhatə edir. İbtidai siniflərdən başlayaraq orta və yuxarı siniflərədək məktəbin bütün pillələrində, eləcə də hər bir fəndə bu komponentlər inteqrasiya olunacaq. Beləliklə, şagirdlərin bu istiqamətlərdə inkişafını bütün təhsil mərhələlərində izləmək mümkün olacaq”, - deyə Elnur Əliyev qeyd edib.
O xatırladıb ki, 2020-ci ildə təsdiqlənən ümumi təhsil standartlarında ilk dəfə dəyərlərlə bağlı xüsusi səriştəyə yer verilib. Həmin səriştə vətəndaşlıq və dialoq məsələlərini də əhatə edib. Bunun əsasında fənn kurikulumlarının yenilənməsinə başlanılıb. Xüsusilə ibtidai siniflərdə tədris olunan “Həyat bilgisi” fənninin kurikulumuna müxtəlif mədəniyyətləri anlamaq, fərqlilikləri qəbul etmək və hadisələrə müxtəlif perspektivlərdən yanaşmaqla bağlı məzmun daxil edilib. Hazırda I-IV siniflər üçün bu fənn üzrə dərsliklər yenilənib və müvafiq məzmun ibtidai təhsil kurikulumunda əksini tapıb. Eyni zamanda, rəqəmsal vətəndaşlıqla bağlı istiqamətlərin informatika fənninin kurikulumuna daxil edilməsi istiqamətində də iş aparılıb. Elnur Əliyevin sözlərinə görə, 2024-cü ildə tamamlanan yeni kurikulumda bu sahə ilə bağlı bir sıra mövzular nəzərdə tutulub. Bununla belə, o bildirib ki, görülən işlər daha çox texniki bacarıqların inkişafına yönəlib. Rəqəmsal mühitdə şüurlu davranış, rəqəmsal vətəndaşlığın mahiyyətinin dərindən anlaşılması və bu sahədə məlumatlılığın artırılması məsələlərinə isə daha çox diqqət yetirilməlidir.