AZƏRBAYCANDA TƏKRAR PARLAMENT SEÇKİLƏRİ DƏ BEYNƏLXALQ STANDARTLARA UYĞUN KEÇİRİLMİŞDİR
Vladimir Qarkun Rusiya Federasiyası, Qazaxıstan, Özbəkistan, Belarus, Tacikistan və digər MDB ölkələrini təmsil edən müşahidə missiyası qərargahının aprelin 24-dən Bakıda fəaliyyətə başladığını bildirmiş, qərargah nümayəndələrinin seçkiqabağı işini diqqətə çatdırmış, missiyanın 29 nəfərdən ibarət üzvünün seçki günü, 119 saylı Ağdam kənd seçki dairəsindən başqa, qalan doqquz seçki dairəsinin 122 məntəqəsində olduqlarını söyləmişdir. Bu məntəqələrin hamısı fasiləsiz elektrik enerjisi, rabitə, kompyuter, digər zəruri avadanlıq və xidmətlərlə tam təmin olunmuş, vətəndaşların sərbəst şəkildə səs vermələri üçün lazımi şərait yaradılmışdır. Seçki prosesini onlarla birgə 150-dən çox beynəlxalq və 5 min 500-ə yaxın yerli müşahidəçinin izlədiyini bildirən V.Qarkun missiyasının ölkəmizin demokratiya yolu ilə inkişaf etdiyinin bir daha şahidi olduğunu vurğulamışdır.
Bildirilmişdir ki, səsvermə zamanı seçkilərin ümumi nəticəsinə təsir etməyən cüzi qüsurlara baxmayaraq, ümumilikdə, MDB ölkələri müşahidəçiləri təkrar seçkilərin tam azad və şəffaf şəkildə, seçki qanunvericiliyi çərçivəsində keçirildiyini təsdiqləyirlər.
Missiyanın üzvləri Anatoli Lokot və Aleksandr Maloletov seçkilərin yüksək səviyyədə keçirildiyini bir daha qeyd etmiş, nəticələrin Azərbaycan xalqının xeyrinə olacağına əminliklərini vurğulamışlar.
Sonda kütləvi informasiya vasitələri nümayəndələrinin çoxsaylı sualları cavablandırılmış və onlara təkrar seçkilərlə bağlı MDB ölkələri müşahidəçiləri missiyasının bəyanatı təqdim edilmişdir.