AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM ASSOSİASİYASI SEÇKİQABAĞI MONİTORİNQ KEÇİRMİŞDİR
Assosiasiyanın birinci vitse-prezidenti Vəli Əlibəyov seçkilərin şəffaf, ədalətli və demokratik keçirilməsinə ictimai nəzarət istiqamətində təşkilatın gördüyü işlərdən danışmışdır. Sonra AVCİYA-nın seçki qərargahının müşahidə qrupunun rəhbəri Vasif Mövsümov monitorinqin nəticələrini açıqlamışdır. Qeyd olunmuşdur ki, monitorinq zamanı seçki qanunvericiliyinə riayət edilməsinin səviyyəsi, bu qanunvericilikdə edilmiş dəyişikliklərin səmərəsi, KİV-lərin seçki prosesini işıqlandırması öyrənilmişdir.
Seçki kampaniyasının KİV-lərdə işıqlandırılmasının monitorinqi 6 telekanalın, 17 qəzet və 5 informasiya agentliyinin iştirakı ilə keçirilmişdir. Monitorinq göstərmişdir ki, seçkilərin təşviqat mərhələsi bütün telekanallar üçün prioritet təşkil etmişdir. Təşviqat kampaniyası başlayan gündən telekanallar bu mövzuda 3727 material nümayiş etdirmiş, buna 1.546.195 saniyə vaxt ayrılmışdır.
Monitorinqdə iştirak edən 5 informasiya agentliyi – AZƏRTAC, Turan, APA, Trend və Em-Pi-Ey agentlikləri ötən müddət ərzində seçki ilə bağlı 1568 məlumat yaymış, 17 qəzet 9058 məqalə dərc etmiş, reklam üçün 2.968.862 kvadratsantimetr sahə ayırmışdır.
Monitorinqin nəticələrinə görə, builki kampaniyada qanun pozuntularının sayı xeyli azalmış, namizədlərə təşviqat üçün bərabər şərait yaradılmış, seçkilərin keçirilməsini təmin edən qanunvericilik bazası xeyli təkmilləşdirilmişdir. Seçki Məcəlləsinə edilən dəyişikliklər, Azərbaycan Prezidentinin 11 may və 25 oktyabr tarixli Sərəncamları, MSK-nın qəbul etdiyi təlimatlar ölkədə azad və ədalətli seçkilərin keçirilməsinə şərait yaradır. Azərbaycan hökuməti beynəlxalq təşkilatların seçkilərlə bağlı tövsiyələrinin, demək olar, hamısını yerinə yetirmişdir. Telekanallarda təşviqatın bir dəqiqəsinin qiymətinin hamı üçün eyni olması, əvvəlcədən elan edilməsi və tam rəsmiləşdirilməsi müsbət faktdır.