AZƏRBAYCANDA YENİ MÜXALİFƏT VƏ ONA RƏHBƏRLİK ETMƏYƏ QADİR NAMİZƏDLƏR YOXDUR
Verilişin aparıcısı seçkilərin təkcə Azərbaycanda deyil, bütün dünyada, o cümlədən də Rusiyada geniş şərh edildiyi, mötəbər beynəlxalq təşkilatların, tanınmış siyasətçilərin bu barədə fikirləri haqqında qısaca məlumat verdi.
M.Qusman bu qənaətdədir ki, Prezident İlham Əliyev korrupsiyaya qurşanmış yüksək vəzifəli məmurların ifşa olunması üçün ən münasib məqam seçərək, çox düzgün siyasi və hüquqi qərarlar qəbul etmişdir. Azərbaycan rəhbəri bu istiqamətdə dönmədən və qətiyyətlə mübarizə aparmağa başlamışdır. G.Burbulis onunla razılaşaraq dedi ki, bu, çox ciddi mübarizədir. Prezident Əliyev öz ölkəsinin inkişafına dair proqramını ardıcıl və səmərəli surətdə həyata keçirmək imkanına malik olmaq üçün qarşıya çıxan maneələri aradan qaldırmalıdır. İlham Əliyev müasir təfəkkürlü və respublika əhalisinin əksəriyyəti tərəfindən dəstəklənən yeni bir komanda yaratmağa müvəffəq olacaqdır. İndən belə İlham Əliyevə Azərbaycan xalqı da, bütün siyasi müşahidəçilər də nəinki öz atasının oğlu kimi, həm də öz siyasi, tarixi siması və daha anlaqlı strategiyası olan Prezident kimi baxacaqlar. M.Qusman xatırlatdı ki, İlham Əliyev legitimliyi iki il əvvəl prezident seçkilərində qazanmışdır. Azərbaycan Prezident respublikasıdır. Odur ki, qarşıdakı seçkilərin İlham Əliyevin şəxsi hakimiyyətinə heç bir təhlükəsi yoxdur. Azərbaycanda gənc islahatçıların getdikcə güclənən komandası var və respublikanın Prezidenti son tədbirləri nəticəsində bu komandanı sıx birləşdirmişdir və onunla birlikdə sürətlə irəliləyir. O ki qaldı inqilaba, İlham Əliyev hətta son addımlarını atmasaydı belə, bütün hallarda, respublikada heç bir inqilab baş tutan deyildi. Çünki dövlət başçısı çox qətiyyətli əhval-ruhiyyədədir. Üstəlik, o, seçkilərin həqiqətən maksimum şəffaf, ondan tələb edilən standartlara maksimum yaxın olmasında hamıdan çox maraqlıdır. V.Dubnov həmkarının sözünə qüvvət verərək dedi ki, İlham Əliyev özünün bütün tədbirləri ilə göstərdi ki, seçkilərin şəffaf olması əzmindədir. L.Parfyonov seçkilər ərəfəsində Azərbaycanda korrupsiyaya qurşanmış və hakimiyyəti devirmək məqsədi güdmüş bəzi yüksək vəzifəli məmurların həbsə alınmasına toxunaraq bildirdi ki, bir tərəfdən, müxalifətin çıxışlarını qabaqlayan tədbirlər, digər tərəfdən, köhnə qvardiyanın bədniyyət üzvləri ilə mübarizə, üçüncü tərəfdən isə, belə nümunəvi antikorrupsiya qərarı hakimiyyəti daha da möhkəmləndirmişdir.
Verilişdə səsvermə zamanı barmaqların mürəkkəblə işarələnməsi və bütün qeyri-hökumət təşkilatlarının seçkilər prosesinə qatılması haqqında qərarlar seçkilərin ədalətli keçirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirildi. G.Burbulis dedi ki, mən Prezident İlham Əliyevlə dəfələrlə görüşmüş və qəti yəqin etmişəm ki, “qanunvericiliyin demokratikləşdirilməsi”, “parlamentdə təmsilçiliyin genişləndirilməsi” onun üçün quruca sözlər deyildir, əksinə, bunların gerçəkləşməsi sahəsində qüvvə və bacarığını əsirgəmir. Rusiya parlamenti və Federasiya Şurası Azərbaycanda siyasi sistemin bu məcrada inkişafını hər vasitə ilə alqışlayır və ola bilsin, bəzi məqamlarda onu əxz etmək və ona həsəd aparmaq olar.
Görüş iştirakçıları Azərbaycanda müxalifətdən də söz açdılar. V.Dubnov bildirdi ki, respublikada inqilab edə biləcək müxalifət yoxdur. Orada Xalq Cəbhəsi Partiyası var, Müsavat Partiyası və İsa Qəmbər var. Onlar daim məğlubiyyətə uğrayanlardır. Belə kompleksi olanlar heç vaxt qalib gələ bilməzlər. İnqilabı küçə müxalifəti etmir. İnqilabı müxtəlif səbəblərə görə vaxtilə hakimiyyətdən uzaqlaşdırılmış adamlar edirlər. Belə adamlar isə yoxdur. Dubnovun qənaətincə, Heydər Əliyevin dövründəki müxalifət öz imkanlarını artıq tamamilə tükətmişdir, yenisi – nomenklatura müxalifəti, həlledici müxalifət isə meydana gələ bilmir. Ona başçılıq etməyə qadir namizədlər yoxdur və görünmür də. Rəsul Quliyev bu namizədliyə qətiyyən yaramır. Qusmanın fikrincə isə, Azərbaycanda müxalifət ideoloji kontekstdə hərəkət etmir, əksinə, hakimiyyət uğrunda və hakimiyyətdə konkret yer uğrunda mübarizə xəstəliyinə mübtəladır.