AZƏRBAYCANDA YERLİ DEMOKRATİYANIN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏDİR
Ədliyyə naziri Azərbaycanda yerli demokratiyanın təzahürü olan bələdiyyələrin fəaliyyyətinin beynəlxalq standartlara uyğun təşkili üzrə ölkəmizin Avropa Şurası ilə səmərəli əməkdaşlığını vurğulamış, bu yaxınlarda Strasburqda keçirilən faydalı görüşləri məmnunluqla xatırlatmışdır. Nazir, yerli özünüidarə orqanlarının inkişafında ölkəmizin beynəlxalq təcrübədən fəal bəhrələndiyini qeyd edərək, Norveç Milli Bələdiyyələr Assosiasiyasının sədri kimi Azərbaycana göstərdiyi dəstəyə və şəxsi töhfəsinə görə Halvdan Skarda təşəkkür etmişdir.
Bələdiyyə institutunun formalaşdırılması ilə bağlı mövcud problemlərə toxunan nazir, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini, ölkəmizin ərazisinin 20 faizinin erməni hərbi birləşmələri tərəfindən işğal edilməsi faktını diqqətə çatdıraraq, bunun nəticəsində Azərbaycanın qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan artıq vətəndaşının özünüidarəetmə hüququndan məhrum olduğunu bildirmişdir.
Qonaq yeni vəzifədə ilk səfərini məhz Azərbaycana etməsinin təsadüfi olmadığını vurğulayaraq, ölkəmizdə gedən demokratik proseslərin böyük maraq doğurduğunu söyləmişdir. Halvdan Skard, Azərbaycan ədliyyə nazirinin iyunun əvvəlində Konqresin ümumi sessiyasında məzmunlu çıxışını xatırladığını qeyd edərək, hazırkı səfər çərçivəsində mühüm görüşlərin və səmərəli danışıqların, bələdiyyə assosiasiyaları ilə bağlı təşkil olunan dəyirmi masanın əhəmiyyətini vurğulamışdır. Cənab H.Skard Azərbaycanın Avropa Şurası ilə sıx əməkdaşlığını yüksək qiymətləndirərək, təmsil etdiyi qurumun ölkəmizdə aparılan demokratik islahatlara bundan sonra da yardım göstərməyə hazır olduğunu bildirmişdir.
Görüşdə yerli demokratiyanın inkişafı üzrə konkret məsələlər barədə ətraflı fikir mübadiləsi aparılaraq, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilmişdir.
Tədbirdən sonra qonaq nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olmuşdur.