AZƏRBAYCANIN 10 VƏTƏNDAŞI RUSİYA ALİ MƏKTƏBLƏRİNƏ QƏBUL OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Moskvada qəbul imtahanı vermiş 26 vətəndaşından 10-u Rusiya ali məktəblərinin tələbəsi olmuşdur.
İyulun 18-də Moskvada - Ümumrusiya Azərbaycan Konqresinin binasında Rusiyada yaşayıb orta məktəbi bitirən vətəndaşlarımız üçün qəbul imtahanları təşkil olunmuşdur. Rusiya Təhsil Nazirliyi ikitərəfli sazişə müvafiq olaraq, ali təhsil müəssisələrində azərbaycanlı abituriyentlər üçün norma təyin edir. Respublika Təhsil Nazirliyi isə bu yerlərin bir hissəsini, milliyyətindən asılı olmayaraq, bu və ya digər səbəblərdən müvəqqəti Rusiyada yaşayıb kamal attestatı alan Azərbaycan vətəndaşlarına verir. Bu il həmvətənlərimiz üçün qəbul imtahanları ilk dəfə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin bilavasitə iştirakı ilə keçirilmişdir. Fondun nümayəndəsi Leyla Əliyeva azərbaycanlı abituriyentləri dəstəkləyərək vurğulamışdır ki, Heydər Əliyev Fondunun fəaliyyəti təhsilin inkişafına yönəldilmişdir. O, ölkəmizi xaricdə layiqincə təmsil etməyin əhəmiyyətini vurğulamışdır.
ÜAK-dan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu il müsabiqədə iştirak üçün Rusiyanın müxtəlif regionlarından - Moskva, Sankt-Peterburq, İvanovo, Voronej, Tolyatti, Vladimir, Samara, Yaroslavl və başqa şəhərlərdən 26 abituriyent sənəd vermişdir. Onların yalnız 10-nu Rusiya ali məktəblərində təhsil almaq hüququ qazanmışdır. Qəbul imtahanları ÜAK-ın qəbul komissiyasının sədri, professor Tofiq Məliklinin başçılıq etdiyi Təhsil Komitəsi tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndəsi Nigar Məmmədlinin iştirakı ilə keçirilmişdir.