AZƏRBAYCANIN ALMANİYADAKI SƏFİRİ BERLİNDƏ AZƏRBAYCAN DİASPORUNUN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Berlin, 13 mart (AZƏRTAC). Martın 12-də Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Berlində Azərbaycan-Alman Həmrəylik Cəmiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Cəmiyyət sədri İsmayıl Əmikişiyev son vaxtlarda görülən işlər barədə səfirə məlumat vermişdir. Səfir çıxışında Almaniya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, elm və təhsil, habelə gənclər sahəsində həyata keçirilən əməkdaşlıq barədə danışmış, Azərbaycan Prezidenti İlham Əliyevin diaspora göstərdiyi diqqət və qayğıdan söhbət açmış, dövlət tərəfindən son illər diasporla işin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirləri diqqətə çatdırmışdır. P,Şahbazov səfirliyin ölkəni Almaniya ictimaiyyətinə tanıtdırmaq üçün qarşısına qoyduğu hədəflərdən və bu hədəflərə çatmaq üçün Almaniyadakı Azərbaycan diasporunun göstərə biləcəyi fəaliyyətdən geniş bəhs etmişdir. Azərbaycanın xarici siyasətində qarşıda duran əsas prioritetin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu vurğulayan səfir, bu sahədə vətənimizin haqq səsinin alman ictimaiyyətinə və rəsmi dairələrinə çatdırılmasının zəruriliyini vurğulamış, bu barədə öz tövsiyələrini vermişdir.
Diasporumuzun nümayəndələri səfirə çoxsaylı suallarla müraciət edərək, Almaniya rəsmi orqanları ilə ünsiyyət zamanı üzləşdikləri gündəlik problem və qayğıları dilə gətirmişlər. P.Şahbazov tədbir iştirakçılarını əmin etmişdir ki, səfirliyin əməkdaşları diasporun problemlərinin həll olunmasında bundan sonra da əllərindən gələni edəcəklər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin