Azərbaycanın Almaniyadakı səfirliyi Noyştad-Valdnab şəhərində baş vermiş yanğın hadisəsini diqqətdə saxlayır
Berlin, 22 avqust, AZƏRTAC
Xəbər verdiyimiz kimi, avqustun 21-də Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnab şəhərində azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində yanğın hadisəsi baş verib. Bu ölkədəki səfirliyimiz Almaniyanın müvafiq orqanları ilə əlaqə saxlayaraq hadisənin detallarına dair bəzi məlumatlar əldə edib.
Səfirliyimizin Oberpfalts Baş Polis İdarəsindən əldə etdiyi məlumata görə, yanğının baş verdiyi binada cəmi 19 nəfər - Azərbaycanın 10, İran, Ukrayna, Kosovo və Ermənistanın hər birinin 2 və 1 Konqo vətəndaşı məskunlaşıb. Onlardan 3-nün azyaşlı uşaq olduğu bildirilib. Polis idarəsinin baş polis komissarı Mixael Rebelenin verdiyi məlumata görə, binada yaşayan iranlı şəxs öncə qonaq üçün nəzərdə tutulmuş otaqda tüstü hiss edib, daha sonra oradan iki nəfər şəxsin qaçdığını görüb. Daha bir nəfər isə qaçan şəxsləri binanın qarşısında gözləyirmiş.
Polis idarəsi yanğın nəticəsində bina sakinlərindən heç birinin xəsarət almadığını, yalnız binanın birinci mərtəbəsinə dəyəri yüzlərlə avro məbləğində maddi ziyan dəydiyini bildirib. Hələ gecə ikən hadisənin səbəblərini araşdırmaq məqsədilə xüsusi istintaq qrupu yaradılıb və hazırda işin istintaqı davam edir.
Bavariya əyalətinin daxili işlər naziri Yoaxim Herman hadisənin ksenofobiya zəminində törədildiyini istisna etməyərək, məsələnin araşdırılması üçün əlindən gələni edəcəklərini deyib.
Səfirliyimiz məsələni diqqətdə saxlayır və yanğın hadisəsinin obyektiv surətdə araşdırılması üçün AFR hüquq mühafizə orqanları ilə əməkdaşlığını davam etdirir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin