Azərbaycanın CAR-dakı səfirliyi Coburq səyahət festivalında iştirak etmişdir
Bakı, 7 aprel ( AZƏRTAC). Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyi və “CAR-da Azərbaycanın dostları” təşkilatı Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr edilmiş tədbirlər çərçivəsində Cohannesburq şəhərində turizmin inkişafına həsr edilmiş Coburq səyahət festivalında (Joburg Travel Festival) xüsusi guşə ilə iştirak etmişdir.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə CAR-da ilk dəfə təşkil edilən festivalın əsas məqsədi orada fəaliyyət göstərən turizm şirkətlərinin və səfirlikləri bir araya gələrək gördükləri işləri və xarici ölkələrin turizm potensialının nümayişi və ümumilikdə ictimaiyyətə səyahət etmək üçün yeni və nadir ölkələrin təqdim edilməsi olmuşdur.
Azərbaycan səfirliyi ölkəmiz üçün ayrılmış hissədə ölkəmizin tarixini və müasir dövrünü əks etdirən fotoşəkillər, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin nəşrləri, fotoşəkillər, xalçalar, kitablar, turizm bukletləri və mədəniyyətimizi əks etdirən digər əşyaları nümayiş etdirmişdir. Festivalda Naxçıvana aid xüsusi təbliğat və fotomateriallar nümayiş etdirilmişdir.
Səfirliyimizin guşəsində 2012-ci ildə Pretoriya şəhərində təsis edilmiş “CAR-da Azərbaycanın dostları” təşkilatının da təbliğat materialları yer almışdır. Ziyarətçilərə ölkəmiz barəsində məlumat kitabçaları və təşkilatın bukletləri paylanılmışdır.
Festival zamanı səfirliyin nəzdində fəaliyyət göstərən rəqs qrupu tərəfindən Azərbaycan milli rəqsləri nümayiş etdirilmişdir.