Azərbaycanın cüdo hakimləri Romada beynəlxalq seminarda iştirak ediblər
Bakı, 29 mart, AZƏRTAC
Romada cüdo məşqçiləri və hakimləri üçün beynəlxalq seminar keçirilib. Avropa Cüdo Federasiyasının təşkil etdiyi seminarda Azərbaycan Cüdo Federasiyası da təmsil olunub.
AZƏRTAC xəbər verir ki, seminarda beynəlxalq dərəcəli hakim Valeh Məhərrəmov və hakim Nazim Umbayev iştirak ediblər. Tədbirdə bu ilin əvvəlində Bakıda qəbul olunan yeni qaydalar müzakirə olunub. Praktiki məşqlərdə hakimlərin səviyyəsi yoxlanılıb və yarış, hakimlik qaydaları haqqında ətraflı məlumat verilib.
Sonra italiyalı idmançıların iştirakı ilə yarış keçirilib və hər bir hakim oyunları idarə edib.
Seminara qatılan Avropanın tanınmış cüdo mütəxəssisləri Bakıda keçirilən beynəlxalq seminar və “Böyük dəbilqə” yarışından bəhs ediblər. Müzakirələrdə hər iki tədbirin Bakıda yüksək səviyyədə keçirilməsindən, eləcə də təşkilatçılıqdan məmnunluq ifadə edilib.