AZƏRTAC xəbər verir ki, Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının fevralın 23-də keçirilmiş iclasında, əvvəlcə, Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Milli Məclis sədrinin birinci müavini, komissiyanın sədri Ziyafət Əsgərov gündəliklə bağlı məlumat vermiş, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanunun tətbiqi və “Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Qanunun qüvvəyə minməsi ilə əlaqədar “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” və “Müdafiə haqqında” qanunlara təklif olunan əlavə və dəyişikliklərdən danışmışdır. Bildirmişdir ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim etdiyi layihələrdə, mülkiyyət formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatlarla yanaşı, yerli özünüidarəetmə orqanlarının da ölkənin müdafiə ehtiyaclarının təmin olunmasına cəlb edilməsi təklif olunur.
Sonra “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında terrorçuluq, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan 2001-ci ildə antiterror əməliyyatlarına qoşulmaqla terorra, mütəşəkkil cinayətkarlığa qarşı barışmaz olduğunu bir daha sübut etmişdir. Dünya dövlətləri ilə bu cür sazişlərin imzalanması Azərbaycanın dövlət və milli maraqlarına xidmət edir.
Deputatlar bu və digər məsələlərə münasibət bildirdikdən sonra layihələrin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.