SİYASƏT
AZƏRBAYCANIN GÜRCÜSTANDAKI SƏFİRLİYİ MƏKTƏBLƏRARASI RƏSMİ MÜSABİQƏSİNƏ YEKUN VURUB
AzərTA-ın xüsusi müxbiri xəbər verir ki, dekabrın 19-da Azərbaycanın Gürcüstandakı səfirliyinin GUAM-ın 10 illiyinə həsr olunmuş mədəni proqramlar çərçivəsində Azərbaycan dilli məktəblər arasında təşkil etdiyi II rəsm müsabiqəsinə yekun vurulmuşdur.
Tbilisinin Pirosmani adına sərgi salonunda keçirilən tədbirdə səfir Namiq Əliyev demişdir ki, müsabiqə artıq 2-ci dəfərdir təşkil olunur.
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində “Dostluq yolları...” mövzusunda təşkil olunmuş müsabiqədə Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli, Bolnisi, Dmanisi və Qardabani rayonlarının, eyni zamanda Tbilisidəki Azərbaycan məktəblərinin şagirdləri iştirak etmişlər.
Rəsmləri təcrübəli mütəxəssislər seçib qiymətləndirmişlər. Tbilisi Dövlət Rəsamlıq Akademiyasının rektoru professor Georgi Buğadzenin rəhbərlik etdiyi münsiflər heyəti şagirdlərin 16 rəsm əsərini mükafata təqdim etmişdir. Birinci yeri Tbilisidəki M.F.Axundov adına 73 saylı Azərbaycan orta məktəbinin XI sinif şagirdi Almaz Maşov, ikinci yeri Tbilisidəki 64 saylı məktəbin Azərbaycan bölməsinin üçüncü sinif şagirdi Fatma Qurbanlı və Tbilisidəki 127 saylı məktəbin 7-ci sinif şagirdi Çingiz Qurbanov, 3-cü yerləri isə Dmanisi rayonundakı Yuxarı Oruzman kənd məktəbinin 9-cu sinif şagirdi Elvira Süleymanova, Tbilisidəki 73 saylı məktəbin 3-cü sinif şagirdi Mədinə Əkbərova, həmin məktəbin 2-ci sinif şagirdi Elvira Bayramova tutmuşlar. Marneuli, Dmanisi, Bolnisi, Qardabani məktəblərindən olan on nəfər şagirdin əsərinə isə həvəsləndirici mükafatlar verilmişdir.
Tədbir Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Gürcüstan nümayəndəliyi də tədbirə dəstək vermişdir.
Müsiflər heyətinin sədri, professor Georgi Buğadze builki müsabiqəyə daha yaxşı əsərlər təqdim olunduğunu, onların müəllifləri arasında Tbilisi Dövlət Rəssamlıq Akademiyasının gələcək tələbələrini gördüyünü bildirmiş və onların bu gəlişi ilə 85 nəfər adlı-sanlı azərbaycanlı rəssamın məzunu olduğu akademiyanın tarixi ənənələrinin bərpa olunacağına əminliyini vurğulamışdır.
Gürcüstanın mədəniyyət, abidələrin mühafizəsi və idman naziri Georgi Qabaşvili Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə keçirilən belə tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamış, şagirdlərə yaradıcılıq uğurları diləmişdir.
Tədbirdə Gürcüstanda akreditə olunmuş diplomatik korpusun, Azərbaycan və gürcü ictimaiyyətin nümayəndələri, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin resktoru Georgi Xubua və başqaları iştirak etmişlər.