Azərbaycanın idman gimnastı: Səhv etməsəydim, bəlkə də ilk “üçlük”də yer alardım
Bakı, 7 mart, AZƏRTAC
Ötən gün təsnifat mərhələsində yaxşı çıxış etdim. Bugünkü finalda isə ilk dəfə olaraq podiuma yeni kombinasiya ilə çıxdım. Bu elementlər daha çətin idi. Onu əvvəlcədən beynimdə təsəvvür edirdim və finaldakı çıxışımda da kifayət qədər yaxşı yerinə yetirdim.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın idman gimnastı Nikita Simonov Bakıda keçirilən Dünya Kuboku ilə bağlı danışarkən deyib.
Halqalarla hərəkətlərin icrasında dördüncü yeri tutan idmançı final performansında kiçik səhvə yol verdiyini söyləyib: “Çıxışımı izləyəndə və səhvlər üzərində müzakirə aparanda kiçik bir qüsur gördüm. Bu, idman gimnastikasında “təyyarə mövqeyinə qalxma” adlanan elementdə idi. Orada kiçik bir səhvə yol verdim. Ümumilikdə hakimlərin qərarı ilə razıyam. Bu nəticə mükafatçılar sırasında yer almaq üçün yetərli olmadı. Əgər həmin səhvi aradan qaldırsaydım, bəlkə də ilk “üçlük”də qərarlaşardım. Amma ümumilikdə mən proqramı daha da çətinləşdirmək istəyirəm. Çünki əsas məqsədim qarşıdakı dünya çempionatında, daha sonra isə “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına təsnifat turnirlərində uğurlu çıxış etməkdir”.
O, Bakıdakı Dünya Kubokunda rəqabətin güclü olduğunu deyib: “Bu, dünya çempionatı olmadığına görə bütün idmançılar burada iştirak etmir. Amma ümumilikdə Bakıda çox yaxşı rəqabət var. Yaponiyanın gənc nəslindən iki idmançı finalda idi. Həmçinin Olimpiya çempionu da burada iştirak edirdi. Bundan başqa, neytral statusla çıxış edən gənc idmançı da öz kombinasiyasını çox yaxşı göstərdi. Ümumillikdə final mənim üçün çox maraqlı alındı”.
Xatırladaq ki, 30-dan çox ölkədən idmançıların mübarizə apardığı yarış martın 8-də başa çatacaq. Azərbaycanın daha bir təmsilçisi Aydın Əlizadə dayaqlı tullanma proqramında finalda qüvvəsini sınayacaq.