Azərbaycanın iki cüdoçusu Gimnaziadada finala yüksəlib
Manama, 25 oktyabr, Aynur Əlixanlı, AZƏRTAC
Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında cüdo yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, ilk yarış günündə Azərbaycanın iki cüdoçusu finala yüksəlib.
50 kiloqram çəki dərəcəsində çıxış edən Anar Quliyev və Məhəmməd Rüstəmli yarımfinalda rəqiblərinə qalib gələrək həlledici mərhələdə iştirak hüququ qazanıblar.
Rüstəm Qasımzadə (55 kiloqram), Zeyd Ələskərov (60 kiloqram), Fəxri Sahibzadə və Əli Hümbətov (hər ikisi 66 kiloqram) isə bürünc medal uğrunda yarışacaqlar.
Qeyd edək ki, Azərbaycan oyunlarda qızlar və oğlanlar arasında 13 çəki dərəcəsində 24 cüdoçu ilə təmsil olunur. Cüdo yarışlarına oktyabrın 26-da yekun vurulacaq.