“Azərbaycanın inkişafı gənclərin obyektivində” adlı fotomüsabiqəsinə start verilib
Bakı, 31 may, AZƏRTAC
“Gilavar” Foto Klubu Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycanın inkişafı gənclərin obyektivində” adlı fotomüsabiqəsi elan edir.
Klubdan AZƏRTAC-a bildirib ki, 15 iyun - Milli Qurtuluş Gününə həsr olunacaq müsabiqənin məqsədi müstəqillikdən sonrakı dövrdə paytaxt Bakının və bölgələrin sosial-iqtisadi inkişafını, Azərbaycanın müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət və idman sahələrində qazandığı nailiyyətləri fotolar vasitəsilə diqqətə çatdırmaqdır.
Müsabiqədə 14-29 yaşlı həvəskar və peşəkar azərbaycanlı fotoqraflar iştirak edə bilərlər. Təqdim olunacaq fotolar fotoaparatla çəkilməli və mövzunu əhatə etməlidir. Fotoların qəbulu iyunun 13-dək davam edəcək.
Fotoların seçilməsi peşəkar fotoqraflar tərəfindən obyektiv və şəffaf şəkildə aparılacaq. Qiymətləndirmə zamanı münsiflər heyətinin hər bir üzvü təqdim etdiyi ballara görə fikrini əsaslandıracaq və bütün bu proses videolentə alınacaq. Əgər bir fotoqrafın bir neçə fotosu yüksək bal toplayarsa, o zaman yalnız ən yüksək pillə tutmuş foto mükafata layiq görüləcək.
Yekunda altı ən yaxşı fotonun müəllifi (I yer üçün bir, II yer üçün iki, III yer üçün üç nəfər) seçiləcək. Qalib və mükafatçılara iyunun 18-də təşkil olunacaq tədbirdə pul mükafatları və diplomlar təqdim olunacaq. Seçilmiş fotolardan ibarət sərginin keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, bir neçə beynəlxalq fotomüsabiqənin keçirilməsində və fotoların qiymətləndirilmə prosesində təcrübəsi olan “Gilavar” Foto Klubu 2017-ci ilin dekabrında yaradılıb. Fotoklubun məqsədi ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq və onların imkanlarından istifadə etmək, bu sahəyə marağı artırmaq, fotoqrafların beynəlxalq müsabiqələrdə iştirakına dəstək vermək və ölkəmizi fotolar vasitəsilə dünyada tanıtmaqdır. Klubun üzvləri tərəfindən çəkilən fotoşəkillər beynəlxalq müsabiqələrdə Azərbaycan fotoqrafiyasını uğurla təmsil edərək 100-ə yaxın müxtəlif dərəcəli mükafata, o cümlədən qızıl, gümüş və bürünc medallara, xüsusi diplomlara layiq görülüb və 30-dan artıq ölkədə sərgilənib.