Azərbaycanın İsveçdəki səfirliyində seçici fəallığı müşahidə olunub
Stokholm, 7 fevral, Nərgiz Cəfərli, АZƏRTAC
Fevralın 7-də növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın İsveç Krallığındakı səfirliyində səsvermə başa çatıb.
AZƏRTAC xəbər verir ki, 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə səfirlikdə yaradılmış 50 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla 19:00-da yekunlaşıb.
Seçki komissiyasından bildiriblər ki, səsvermə yüksək seçici fəallığı ilə müşahidə olunub. Səfirliyin akkreditə olunduğu İsveç, Norveç, Finlandiya və Danimarkada daimi yaşayan və müvəqqəti olan Azərbaycan vətəndaşları, xüsusilə də bu ölkələrdə təhsil alan azərbaycanlı tələbələr səsvermə prosesində yaxından iştirak ediblər.
Səsvermə zamanı hər hansı şikayət daxil olmayıb.