MƏDƏNİYYƏT
“Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda keçirilən respublika müşavirəsinə yekun vurulub
Bakı, 29 fevral, AZƏRTAC
Fevralın 29-da Beynəlxalq Muğam Mərkəzində “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda keçirilən respublika müşavirəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, bağlanış mərasimində dövlət və özəl sektor və yerli sənaye nümayəndələri, habelə respublikamızın paytaxt və regionlarında yerləşən bir sıra mədəniyyət müəssisələrinin, o cümlədən mədəniyyət mərkəzləri və klublarının rəhbərləri iştirak ediblər.
Tədbirdə Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Günel Aslanova çıxış edərək deyib ki, mədəni marşrut - mədəni əhəmiyyət kəsb edən ölkələr və ya bölgələr arasında çoxölçülü bir dialoqdan qaynaqlanan marşrut boyunca, məkan və zamanla qarşılıqlı təsirini göstərən maddi və mənəvi fəaliyyət elementlərinin məcmusundan ibarətdir. Bildirib ki, mədəni marşrutlar anlayışı bir çox ölkələrdə əhatə dairəsini genişləndirərək interaktiv, dinamik və daim inkişaf edən mədəniyyətlərarası münasibətlərin bir dəlil və əsası olaraq qəbul edilir: “Bu baxımdan mədəni marşrutlar anlayışının fərqli dövrlərdən bu günə kimi fərqli mədəniyyətləri, inancları və həyat tərzlərini, fərdi və kollektiv bacarıqları, ənənələri əks etdirdiyini söyləmək olar. Mədəni marşrutların yeni bir konsepsiya çevrilməsi mədəniyyətin digər sahələri ilə - tarix-mədəniyyət abidələri, şəhərlər, xalq yaradıcılığı, mədəniyyət mənzərələri və digər sahələrlə nəinki ziddiyyət təşkil etmir, əksinə bir-biri ilə vəhdət təşkil etməklə adları sadalanan sahələrin təbliği və inkişafında müstəsna rol oynayır. Eyni zamanda, mədəni marşrutlar mədəniyyətin müxtəlif sahələrinin əhəmiyyətini artıran ortaq bir sistem içərisindədir. Bildiyiniz kimi, Azərbaycan da bu sistemin ayrılmaz bir hissəsi olaraq 2011-ci ildən Avropa Şurasının mədəni marşrutlar şəbəkəsinə qoşulmuşdur. Ölkəmiz bu illər ərzində 5 beynəlxalq marşruta qoşulmuş, qoşulduğu ildən bəri Mədəni marşrutlar şəbəkəsində fəal iştirak etməklə təşkilatın fəaliyyətinə öz töhfəsini verməkdədir”.
G.Aslanova əlavə edib ki, müşavirə çərçivəsində ölkəmizin təmsil olunduğu hər bir mədəni marşrutun nümayəndələrinin çox maraqlı və mövzu ilə bağlı maraqlı çıxışları olub. Eyni zamanda, sənaye nümayəndələrinin çıxışları da bir daha sübut edir ki, mədəni marşrutlar yalnız mədəniyyət sahəsini deyil, həm də bir çox sənaye sahələrini əhatə etməklə öz müsbət töhfəsini verir.
Qeyd edilib ki, ölkəmizin mədəni marşrutlar sahəsində ixtisaslaşdığını, yeni yerli mədəni marşrutların yaradılmasının əhəmiyyətini, o cümlədən beynəlxalq mədəni marşrutlarda təmsilini genişləndirməklə yeni təcrübələrə yiyələnməli və əldə olunan nəticələri bölüşərək sahə üzrə qabaqcıl ölkələrdən birinə çevrilmə potensialının mövcudluğunu üzə çıxardı.
Tədbirdə digər çıxış edənlər müşavirənin əhəmiyyətindən, Azərbaycanın da mədəni marşrutlar təşəbbüsünü ortaya çıxaran ölkələrdən biri olduğu vurğulanıb.
Bununla da ölkəmizdə iki gün davam edən “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda keçirilən respublika müşavirəsinə yekun vurulub.
Qeyd edək ki, Azərbaycan 2011-ci ildən etibarən Avropa Şurasının mədəni marşrutları layihəsinə (Cultural Routes of Council of Europe) qoşulub. Hazırda Azərbaycan Avropa Şurasının mədəni marşrutlar layihəsinin 5 mədəni marşrutu üzrə təmsil olunur.
Xatırladaq ki, Azərbaycan Avropa Şurasının mədəni marşrutları layihələrindən olan “Şərab Yolu” beynəlxalq mədəni marşrutuna 2011-ci ildə, “Yəhudi irsi üzrə Avropa marşrutu” və “Qədim Qayaüstü İncəsənət İzləri” beynəlxalq mədəni marşrutlarına 2015-ci ildə, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal şəhərlər” mədəni marşrutuna 2016-cı ildə və “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna isə 2019-cu ildə qoşulub.