Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Gürcüstanda yaşayan soydaşlarımızla görüşüb
Tbilisi, 8 iyul, AZƏRTAC
Tbilisidə səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Gürcüstanda yaşayan soydaşlarımızla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov, ziyalılar iştirak ediblər.
Səfir Faiq Quliyev nazir Anar Kərimovun Tbilisiyə səfərinin məqsədi, keçirdiyi görüşlər barədə məlumat verib.
Bildirib ki, Azərbaycan dövləti daim bu ölkədə yaşayan soydaşlarımıza diqqət və qayğı göstərib. Bu siyasət bu gün də davam edir. Azərbaycanın dövlət və hökumət rəsmilərinin Gürcüstana mütəmadi səfərləri, o cümlədən nazir A.Kərimovun bu səfəri, keçirilən görüşlərdə müzakirə olunan məsələlər buna əyani sübutdur.
Səfir Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycan dövlətinə dəstəyini də qeyd edib. Onların 44 günlük Vətən müharibəsində göstərdikləri maddi, mənəvi dəstəyi, müharibədə göstərdikləri qəhrəmanlıqları xüsusi vurğulayıb. Azərbaycan Prezidentinin fərman və sərəncamları ilə qazilərin və şəhidlərin yüksək mükafatlara layiq görüldüklərini diqqətə çatdırıb.
Sonra nazir Anar Kərimov çıxış edərək Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında soydaşlarımızın rolunu qeyd edib.
Bildirib ki, Gürcüstanda yaşayan, yazıb-yaradan soydaşlarımız ölkələrimiz arasında mədəni əlaqələrin genişlənməsində və möhkəmləndirilməsində mühüm rol oynayırlar.
A.Kərimov xarici ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında rolunu xüsusi vurğulayıb, Gürcüstanda yaşayan azərbaycanlıların da bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib.
A.Kərimov deyib: “Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Qələbədən sonra yeni dönəm başlayıb. Zəfər qazanmışıq, lakin beynəlxalq aləmdə təbliğat mübarizəsi davam edir. Qalib xalqın mədəniyyətinin tanıdılması prosesində dünyanın müxtəlif ölkələrində yaşayan hər bir azərbaycanlı rol oynamalı, öz töhfəsini verməlidir”.
Sonra Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva, ziyalılardan Fatma Əliyeva, Ceyran Qurbanova, Mahmud Kamaloğlu, Şahismayıl Məmmədov, Çingizxan Yaqubov və başqaları çıxış edərək görüşün təşkilinə görə minnətdarlıq ediblər.
Nazir, bu görüşdə müzakirə olunacaq məsələlərin, qaldırılacaq problemlərin diqqətdən kənarda qalmayacağını bildirib.
Görüşdə soydaşlarımızın inteqrasiyası, qayğı və problemləri ətrafında fikir mübadiləsi aparılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi