AZƏRBAYCANIN MƏŞĞULLUQ XİDMƏTİ ORQANLARININ ÜMUMRESPUBLİKA TOPLANTISI KEÇİRİLMİŞDİR
Əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev toplantıda çıxışında bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti respublikada qeyri-məşğul əhaliyə verilən müavinətin minimum məbləğınin 30 min manatdan 60 min manata çatdırılması barədə qərar qəbul etmişdir. Bu, qeyri-məşğul əhalinin sosial müdafiəsinin gücləndirilməsinə dövlətin qayğısının daha bir təzahürüdür. Cəmi iki-üç il bundan əvvəl, yəni 2001-ci ildə bu məbləğin 5500 manat olduğu nəzərə alınsa, son iki ildə işsizlik müavinətinin və işsizlərə verilən təqaüdün 10 dəfədən çox artdığını qiymətləndirməmək olmaz.
Nazir bu qərarın Azərbaycan əhalisinin sosial müdafiəsi istiqamətində dövlət başçısının imzaladığı bir sıra fərman və sərəncamları xatırlatdı, bunların əhalinin bütün təbəqələrinin sosial rifahının yüksəldilməsinə yönəldiyini bildirdi. O, əhalinin sosial müdafiəsi ilə bağlı qərarların icra olunmasından danışaraq dedi ki, bunlar Prezident İlham Əliyevin şəxsi nəzarəti altındadır.
Ə.Nağıyev hökumətin son qərarının əhəmiyyətini vurğulayaraq dedi ki, ölkə iqtisadiyyatının keçid dövründə bir çox müəssisələrin işləməməsi nəticəsində əhalinin bir qismi müavinət almaq üçün məşğulluq orqanlarına müraciət edirlər. Statistikaya görə, hər il Azərbaycanda minlərlə vətəndaşa işsizlik müavinəti təyin olunur.
Toplantıda çıxış edənlər son dövrdə əhalinin sosial müdafiəsi və işsizliyin aradan qaldırılması üçün ardıcıl olaraq müvafiq tədbirlərin həyata keçirildiyini bildirdilər. Nazirliyin Baş Məşğulluq İdarəsinin 1997-ci ildən bəri təşkil etdiyi “Əmək yarmarkaları”nda 233 min nəfər iştirak etmiş, onların 36,5 min nəfəri işlə təmin olunmuş, təxminən 6 min nəfər isə peşə hazırlığı kurslarına və ya haqqı ödənilən ictimai işlərə cəlb edilmişdir. Ümumiyyətlə, respublikanın məşğulluq xidməti orqanları tərəfindən həmin dövr ərzində 140 min nəfərdən artıq vətəndaş işlə təmin olunmuşdur. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramının həyata keçirilməsi sayəsində təkcə son aylarda ölkədə 35 mindən çox iş yeri açılmışdır.
Nazirliyin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Vahab Məmmədov Azərbaycan hökuməti və BMT-nin İnkişaf Proqramı arasında imzalanmış “Milli sosial müdafiə sisteminin inkişafı” layihəsi çərçivəsində “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın layihəsi hazırlandığını bildirdi. Bu strategiya Azərbaycan Respublikası Prezidentinin “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” və bu sahədə imzalanmış digər fərmanlar əsasında hazırlanmışdır.
Milli strategiya məşğulluq sahəsində beynəlxalq normalara uyğun milli qanunvericilik bazasının təkmilləşdirilməsinə, regional əmək bazarlarının inkişaf etdirilməsinə, yeni iş yerlərinin açılmasına və əhalinin səmərəli məşğulluğunun təmin olunmasına yönəldilmiş dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edir.
Nazir Ə.Nağıyev toplantıya yekun vuraraq, işsizliyə görə müavinətin artırılması ilə əlaqədar əhalinin məşğulluq xidməti orqanlarına müraciətlərin çoxalacağını bildirdi, məşğulluq xidməti əməkdaşlarının onlara qarşı daha da diqqətli olmalarını tapşırdı. O, habelə Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə, xarici sərmayədarların yaratdıqları müəssisələrdə vətəndaşlarımızın işlə təmin edilməsinə nail olmaq üçün nazirliyin müvafiq strukturlarının fəallığının artırılmasının vacibliyini vurğuladı.