Azərbaycanın Pekindəki səfirliyində Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
Pekin, 20 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı (ÇXR) səfirliyində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anma mərasimi keçirilib.
Çində yaşayan soydaşlarımızın və tələbələrin iştirak etdikləri tədbirdə qanlı Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın ÇXR-dəki səfiri Lətif Qəndilov vurğulayıb ki, 20 Yanvar hadisələri müasir tariximizdə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsidir. Sovet rəhbərliyinin azadlıq uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqını silah gücünə susdurmaq niyyəti kütləvi insan tələfatı ilə nəticələnsə də, xalqımızın iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. İyirminci əsrin sonunda dövlət müstəqilliyini bərpa edən Azərbaycan böyük inkişaf yolu keçərək, güclü dövlət olmağı bacardı.
Səfir L.Qəndilov bildirib ki, həmin vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev faciənin ertəsi günü həyatını təhlükəyə ataraq Azərbaycanın daimi nümayəndəliyinə gəldi, qanlı qırğını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi və xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Təəssüf ki, bu qanlı cinayətin baş verməsində günahkar olanlar bir müddət məsuliyyətdən kənarda qaldı, hadisəyə hüquqi-siyasi qiymət verilmədi. Yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsini törədənlərin adları rəsmi şəkildə açıqlandı, hadisə öz hüquqi-siyasi qiymətini aldı.
Tədbirin sonunda qara Yanvar hadisələrinə həsr edilmiş film nümayiş olunub. Bundan başqa, tədbir iştirakçıları 20 Yanvar hadisələrindən bəhs edən kitablardan ibarət sərgiyə baxıblar.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin