AZƏRBAYCANIN PROKURORLUQ ORQANLARINDA HƏYATA KEÇİRİLƏN İSLAHATLAR ÇOX YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Gi de Vel və onu müşayiət edən şəxsləri səmimi salamlayan baş prokuror Zakir Qaralov Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatla Azərbaycanın Baş Prokurorluğu arasında yaranmış işgüzar və qarşılıqlı faydalı münasibətlərin, birgə tədris seminarlarının və digər tədbirlərin, o cümlədən, 2003-cü il noyabrın 27-28-də “İnsan hüquqları üzrə Avropa Konvensiyasının prokurorlar tərəfindən tətbiqi” mövzusunda keçirilən seminarın əhəmiyyətini diqqətə çatdırmış, son illər prokurorluq orqanlarında həyata keçirilmiş islahatlar və struktur dəyişikliklərinin mahiyyəti, fəaliyyət üçün zəruri normativ-hüquqi baza yaradılması istiqamətində görülən işlər barədə qonaqlara ətraflı məlumat vermişdir. Avropa Komissiyası və Avropa Şurasının Cənubi Qafqaz üzrə Birgə Proqramı çərçivəsində bu günlərdə Azərbaycanda magistratlar, hakim və prokurorlar üçün keçiriləcək “Tədris mərkəzlərinin inkişafı və səmərəli fəaliyyəti” mövzusunda ikitərəfli görüşün qarşılıqlı münasibətlərin inkişafında mühüm rolu qeyd edilmişdir.
Xüsusi olaraq vurğulanmışdır ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik siyasətinin layiqli davamçısı olan və ölkəmizin Avropa dəyərlərinə uyğun inkişafına önəm verən Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyə və göstərişlərinə müvafiq surətdə respublikamızda demokratik və dünya standartlarına uyğun islahatlar hazırda da davam etdirilir. Bütün məhkəmə-hüquq sistemində olduğu kimi, Azərbaycanın prokurorluq orqanlarında da sivil məzmunda yeniləşmə prosesləri gedir.
Mütəşəkkil cinayətkarlığın təzahürlərinə, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində görülən işləri diqqətə çatdıran baş prokuror Azərbaycan Prezidentinin 3 mart 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiya ilə mübarizə haqqında” Qanunun mahiyyəti və respublikanın baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yaradılması istiqamətində görülən təşkilati tədbirlər barədə qonaqlara ətraflı məlumat vermişdir.
Səmimi qəbula görə minnətdarlığını bildirən Avropa Şurasının hüquqi işlər üzrə baş direktoru Gi de Vel Avropa Şurasının tövsiyələri də nəzərə alınmaqla, Azərbaycan Respublikasında, o cümlədən məhkəmə-hüquq sistemində və prokurorluq orqanlarında həyata keçirilən islahatları çox yüksək qiymətləndirmiş, Avropa Şurası ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi, bu münasibətlərin yeni forma və metodlarının müəyyənləşdirilməsinin perspektivləri barədə fikirlərini bildirmiş, Avropa Komissiyası və Avropa Şurasının Azərbaycan üçün birgə Proqramı çərçivəsində respublika Ədliyyə Nazirliyində keçirilən “Hakimlərin müstəqilliyi, seçilməsi, təyin olunması və qiymətləndirilməsi üzrə ikitərəfli görüş”ün əhəmiyyətini vurğulamışdır.
Görüş zamanı tərəfləri maraqlandıran bir sıra digər məsələlər üzrə də fikir mübadiləsi aparılmış, qarşılıqlı əlaqələrin perspektivləri ilə bağlı konkret məsələlər müzakirə edilmişdir.