AZƏRBAYCANIN QIRĞIZISTANDAKI SƏFİRİ BİŞKEKDƏKİ DİASPORUMUZUN ÜZVLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bir neçə gün əvvəl Bişkekə gələn Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev “Qırğızıstan xalqları” Beynəlmiləl Mərkəzində paytaxtda yaşayan diasporumuzun üzvləri ilə görüş keçirmişdir.
Müqəddəs Ramazan bayramı münasibətilə soydaşlarımızı təbrik edən səfir bildirmişdir ki, ölkəmizin Qırğızıstanda səfirliyinin açılması dövlətlərimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişafına təkan verəcəkdir.
Arif Ağayev Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatında baş verən proseslərdən, respublikada aparılan quruculuq işlərindən danışmış, bu gün ölkəmizin dünyada nüfuzunun artmasında ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və bu siyasətin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətləri olduğunu bildirmişdir.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ölkəmizin apardığı siyasət və Azərbaycan rəhbərliyinin xarici ölkələrdə yaşayan soydaşlarımıza qayğısı haqqında da geniş məlumat vermişdir.
Bişkekdəki “Azəri” Mədəniyyət Mərkəzinin sədri, Qırğızıstanın əməkdar həkimi Akif Allahverdiyev, sədrin müavini, Qırğızıstanın əməkdar inşaatçısı Əsəd Həsənov, əməkdar müəllim Flora Şıxlinskaya, Bişkekdə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov, tanınmış həkim, professor Akif Rəfibəyli, professor Arif Qəmərli və başqaları çıxış edərək ölkədə yaşayan azərbaycanlılar haqqında məlumat vermiş, gənc soydaşlarımıza ana dilinin öyrənilməsi məqsədi ilə bazar günü məktəblərinin açılmasına ehtiyac olduğunu bildirmiş, Bişkekdə səfirliyin açılmasını Azərbaycan rəhbərliyinin Qırğızıstanda yaşayan soydaşlarımıza diqqət və qayğısının ifadəsi olduğunu qeyd etmişlər.
Görüşün sonunda burada yaşayan müğənni Şahmar Tapdıqov və Kant şəhər orta məktəbinin azərbaycanlı qızlardan ibarət rəqs ansamblının üzvləri xalq mahnı və rəqslərimizi ifa etmişlər.