AZƏRBAYCANIN QOŞULDUĞU FƏRDİ TƏRƏFDAŞLIĞINFƏALİYYƏT PLANI NATO İLƏ FƏAL ƏMƏKDAŞLIĞAŞƏRAİT YARADIR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Səfər Əbiyev Azərbaycan müstəqillik qazandıqdan sonra Avropanın təhlükəsizlik strukturları, o cümlədən NATO ilə “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlığın yarandığını, 2004-cü ilin mayında Prezident İlham Əliyevin Fərdi Tərəfdaşlığın Fəaliyyət Planını (İPAP) NATO-nun baş katibinə təqdim etdiyini və bu ilin mayında həmin plan təsdiqləndikdən sonra əməkdaşlıqda yeni mərhələ başladığını söyləmişdir.
Nazir Ermənistanın Azərbaycana hərbi təcavüzü və onun ölkəmiz üçün ağır nəticələri haqqında məlumat vermiş, eyni zamanda xatırlatmışdır ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etməsinə, 1994-cü ildən atəşkəs rejiminin qüvvəyə minməsinə, neçə illərdir sülh danışıqları getməsinə baxmayaraq, münaqişə öz həllini tapmır. Ona görə də Azərbaycan öz torpaqlarının erməni işğalından azad olunması haqqında yollar axtarmağa məcburdur.
Stef Qoris vurğulamışdır ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunun təhlükəsizliyinə böyük önəm verir. Münaqişənin həllində Avropa İttifaqı Parlament Assambleyasının nüfuzunun da az rol oynamayacağını bildiririk. Biz bu münaqişənin prezidentlər səviyyəsində həllinə inanırıq. Problemin həllində güc vasitələrindən istifadə edilməməlidir.
Nazir Səfər Əbiyev Azərbaycan Silahlı Qüvvələrinin Kosovo və Əfqanıstanda sülhməramlı əməliyyatlarda, İraqda isə beynəlxalq antiterror koalisiya qüvvələri tərkibində fəaliyyət göstərdiyini diqqətə çatdırmış, ölkəmizin qoşulduğu Fərdi tərəfdaşlığın fəaliyyət planı NATO ilə fəal əməkdaşlığa şərait yaratdığını söyləmişdir.
Qafqaz regionunda mövcud hərbi-siyasi vəziyyət barəsində danışan nazir demişdir: “Nə qədər ki, Azərbaycan torpaqları Ermənistanın işğalından azad edilməyib, Qafqaz bölgəsində sabitlik və əmin-amanlıq olmayacaqdır. Münaqişə Azərbaycan dövlətinin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir.”
Qonaq bu fikirlə razı olduğunu vurğulamış və bildirmişdir ki, münaqişə tərəfləri tarazlı qərar qəbul etməlidirlər.