AZƏRBAYCANIN SƏFİRİ UKRAYNA DİPLOMATİYA AKADEMİYASINDA MƏRUZƏ İLƏ ÇIXIŞ ETMİŞDİR
T.Q.Şevçenko adına Kiyev Milli Universiteti Beynəlxalq Münasibətlər İnstitutunun akt salonuna səfirlər və konsullar, Diplomatiya Akademiyasının professor-müəllim heyəti, magistrantlar toplaşmışdılar. Səfir T.Əliyev Azərbaycan tarixindən danışaraq, çar Rusiyası və sovet rejimi tərəfindən zorla qopardılmış əzəli Azərbaycan torpaqları barədə söhbət açmışdır. Diplomat Azərbaycanın ən yeni tarixində ümummilli liderimiz Heydər Əliyevin misilsiz rolunu xüsusi vurğulamış, hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində qazanılmış uğurlar barədə məlumat vermişdir.
Səfir daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, onun ən qanlı səhifəsi olan Xocalı soyqırımından, erməni faşizmindən, 1 milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə əlaqədar ölkəmizdə yaranmış humanitar fəlakətdən danışmışdır. O, Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıq mövzusuna da toxunmuş, diplomatların və magistrantların suallarına cavab vermişdir.