SİYASƏT
Azərbaycanın Təbrizdəki baş konsulu İranın Gilan vilayətinə səfər edib
![Azərbaycanın Təbrizdəki baş konsulu İranın Gilan vilayətinə səfər edib](/files/2014/3/1200x630/14119014682649946778_1200x630.jpg)
Görüşdə S.Şəfəqi Gilan vilayətinin və Astara şəhərinin Azərbaycan ilə əlaqələrinin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib. Qeyd olunub ki, son altı ayda 355 min Azərbaycan vətəndaşı və 5 mindən artıq yük avtomobili Astara sərhəd-keçid məntəqəsindən istifadə edib.
S.Şəfəqi Azərbaycan vətəndaşlarının əsasən səhiyyə turizmi və ticarət məqsədilə Astaraya və İranın digər sərhəd bölgələrinə səfər etdiklərini bildirib. O, Astarada səhiyyə turizminin inkişafı üçün əsaslı infrastrukturun yaradılmaqda olduğunu vurğulayıb.
Ə.Əlizadə son dövrlərdə Azərbaycan-İran münasibətlərinin inkişafından bəhs edərək Gilan vilayətinin, xüsusilə Astara şəhərinin ölkələrimiz arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsində özünəməxsus rol oynadığını bildirib. Baş konsul sərhəd-nəzarət məntəqəsinin iki ölkə arasında gediş-gəliş, yükdaşımalar, iqtisadi və ticarət əlaqələrinin həyata keçirilməsində əhəmiyyətini qeyd edib. O, reallaşdırılmaqda olan Şimal-Cənub nəqliyyat dəhlizinin başa çatmasından sonra bu məntəqənin Azərbaycan-İran əlaqələrinin inkişafında daha önəmli rol oynayacağını diqqətə çatdırıb.
Diplomat səhiyyə turizmi ilə bağlı İrana səfər edən Azərbaycan vətəndaşlarının sayının son zamanlarda azalmasının ölkəmizdə bu sahənin əsaslı inkişafı, müasir standartlara cavab verən tibb ocaqlarının yaradılması ilə bağlı olduğunu vurğulayıb. Ə.Əlizadə Astara şəhəri ilə mədəni əlaqələrin də genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu bildirib.
Görüşdə, həmçinin qarşılıqlı səfərlərin təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Baş konsul səfər çərçivəsində İranın Astara sərhəd-keçid məntəqəsi ilə tanış olub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri,
Tehran