Azərbaycanın təhlükəsizlik orqanları dövlətin və xalqın təhlükəsizliyinin qorunmasında müstəsna xidmətlər göstərir
Beyləqan, 27 mart, AZƏRTAC
Tarixən çətin, keşməkeşli, eyni zamanda, şərəfli bir yol keçmiş Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 100 il keçir. Bu gün Dövlət Təhlükəsizliyi Xidməti milli maraqlarımızın və təhlükəsizliyimizin etibarlı təminatı istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyəti ilə tarixinin şərəfli səhifələrini yazır, dövlətin və xalqın təhlükəsizliyinin qorunmasında müstəsna xidmətlər göstərir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Beyləqanda Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Rayon rəhbərliyi, hüquq-mühafizə orqanları əməkdaşları və ictimaiyyət nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Mədəniyyət Mərkəzində davam edən tədbirdə Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş videoçarx göstərilib. Tədbirdə çıxış edənlər təhlükəsizlik orqanlarının şəxsi heyətini peşə bayramları münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıblar. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri də 1919-cu il martın 28-də xüsusi xidmət orqanının yaradılması olub. Azərbaycan Xalq Cümhuriyyətinin hərb naziri, general-leytenant Səməd bəy Mehmandarovun əmri ilə Baş Qərargahın tərkibində ilk təhlükəsizlik orqanı - kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb. Ümummilli lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı Sərəncamla hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Diqqətə çatdırılıb ki, təhlükəsizlik orqanlarının fəaliyyətinin böyük bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ən böyük xidmətlərindən biri də siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmasıdır. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra təhlükəsizlik orqanlarının fəaliyyətinə qayğı ilə yanaşıb. Təhlükəsizlik orqanlarının maddi-texniki təchizatı, sovet dövründə formalaşmış peşəkar əməkdaşların qorunması ilə yanaşı, gənc kadrların yetişdirilməsi məsələsi də daim diqqət mərkəzində saxlanılıb.
Bildirilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində daim təkmilləşən Dövlət Təhlükəsizliyi Xidməti hazırda inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Dövlət Təhlükəsizliyi Xidməti müstəqil Azərbaycan dövlətinin milli maraqlarının, təhlükəsizliyinin, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində üzərinə düşən məsul vəzifələri yüksək səviyyədə, şərəflə və vicdanla yerinə yetirir.
Sonda Dövlət Təhlükəsizlik Xidməti rayon şöbəsinin bir qrup əməkdaşına Beyləqan Rayon İcra Hakimiyyətinin fəxri fərmanı verilib.