Azərbaycanın təhsil işçilərinə Turan Elmlər Akademiyasının diplomları təqdim olunub
Bakı, 5 mart, AZƏRTAC
Abşeron rayon Mehdiabad qəsəbəsi 4 nömrəli tam orta məktəbin direktoru Elnurə Cavadzadə və Əməkdar müəllim Çingiz Salmanov Turan Elmlər Akademiyasının akademikləri, 2 nömrəli məktəbin riyaziyyat müəllimi Nailə Axundova isə fəxri professoru seçiliblər.
Bu barədə AZƏRTAC-a Turan Elmlər Akademiyasının vitse-prezidenti və Azərbaycan filialının rəhbəri akademik Sabir Tağıyev məlumat verib. Qeyd olunub ki, E.Cavadzadə filialın təqdimatı əsasında Turan Elmlər Akademiyasının Rəyasət Heyətinin 2023-cü il 26 noyabr tarixli qərarı ilə akademik elmi rütbəsinə layiq görülüb. O, 2008-ci ildə “Əli Tudənin əsərlərinin dili və üslubu” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, onlarca elmi məqalənin, 2 bədii kitabın müəllifidir, dövri mətbuatda müntəzəm olaraq publisistik məqalələrlə çıxış edir. 2008-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, 2010-cu ildə gənc yazıçı kimi Prezident təqaüdünə layiq görülüb, 8 il televiziya və radio kanallarında xəbər aparıcısı, müxbir, redaktor və aparıcı redaktor vəzifələrində çalışıb.
Turan Elmlər Akademiyasının Rəyasət Heyətinin 2023-cü il 29 oktyabr tarixli qərarı ilə fəxri professor alimlik rütbəsi verilmiş Nailə Axundova isə riyaziyyat müəllimi işləyir. O, V-XI siniflər üçün əlavə “Cəbr” dərsliyinin, VII-XI siniflər üçün əlavə “Həndəsə” dərsliyinin, V sinif üçün “Riyaziyyat” çevik formativ qiymətləndirmə kitabının, V-XI siniflər üçün “Riyaziyyat” testlər kitabının, 1-ci sinif “Riyaziyyat-Tədris Materialları/Qiymətləndirmə Tapşırıqları” kitabının müəllifidir. 2014-2015-ci tədris ilində “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub.
Abşeron rayonu Mehdiabad qəsəbəsi 4 nömrəli məktəbdə Nailə Axundovanın və Elnurə Cavadzadənin diplomlarının təqdimatı keçirilib.
Bununla yanaşı, Əməkdar müəllim Çingiz Salmanov da filialın təqdimatı əsasında Turan Elmlər Akademiyasının Rəyasət Heyətinin 2023-cü il 25 iyun tarixli qərarı ilə bu qurumun fəxri akademiki seçilib. Ç.Salmanov Qubadlı rayonu şəhid Çingiz Quliyev adına Çardaxlı kənd tam orta məktəbinin 32 il direktoru olub. O, 24 kitabın, o cümlədən 4 dərslik, 3 dərs vəsaiti, 5 metodik vəsaitin, I-XI siniflər üçün fiziki tərbiyə üzrə tədris proqramlarının müəlliflərindən biridir. “Xələc iman yeri, möcüzələr ocağıdır”, “Qubadlının yer-yurd adları” və “Zəngəzur pələngi” kitablarını ərsəyə gətirib.
Turan Elmlər Akademiyasının fəxri akademiki seçilmiş Çingiz Salmanovun diplomunun təqdimatı Sumqayıt şəhərindəki Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin nəzdində olan Qubadlı Rayon Təhsil Şöbəsinin klubunda keçirilib.