CƏMİYYƏT
Azərbaycanın uğurları Küveyt mediasının diqqət mərkəzindədir
![](/files/galleryphoto/2023/1/1200x630/16787990012970639227_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16787990012582614065_1200x630.jpg)
Bakı, 14 mar, AZƏRTAC
Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafı, beynəlxalq nüfuzunun artması, Qoşulmama Hərəkatına uğurlu sədrliyi və Ermənistanın işğalından azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq işləri daim Küveytin nüfuzlu kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir. Küveytli jurnalistlər Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyi və Bakıdakı həmkarları ilə daha sıx əməkdaşlıq etmək istəyirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər ölkəmizin Küveytdəki səfiri Emil Kərimovun nüfuzlu qəzetlərin baş redaktorları ilə keçirdiyi görüşlərdə ifadə olunub. Diplomatımızın “Əl Qabas” qəzetinin baş redaktoru Valid Əl-Nusif, “Al Rai” nəşrinin baş redaktoru Valid Əl-Casim, “Əl Ənbə” qəzetinin təsisçisi və baş redaktoru Yusif Xalid Əl-Mərzuq, “Əl Cəridə” qəzetinin baş redaktoru Xalid Hilal Əl-Muteyri ilə bu mətbuat orqanlarının redaksiyalarında apardığı söhbətlər zamanı mətbuatın, obyektiv xəbər və məqalələrin dövlətlərarası münasibətlərin inkişafında mühüm rolu vurğulanıb. Qeyd olunub ki, bu kontekstdə iki dost ölkənin jurnalistlərinin qarşılıqlı səfərlərinin təşkili böyük əhəmiyyətə malikdir. Küveytin media nümayəndələri dəfələrlə Azərbaycana səfər edib, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.
Görüşdə baş redaktorlara “Zəfər salnaməsi”, “Bakı simfoniyası” və digər kitab və albomlar, həmçinin Şuşa xalçası təqdim edilib.