AZƏRBAYCANIN VƏ RUSİYANIN TURİZM SAHƏSİNDƏ YAXŞI ƏMƏKDAŞLIQ PERSPEKTİVLƏRİ VAR
“Dəyirmi masa”nın iştirakçısı, Azərbaycanın gənclər, idman və turizm nazirinin müavini Teymur Mehdiyev iclasın yekunlarını AZƏRTAC-ın müxbirinə şərh edərək demişdir ki, çox faydalı və səmərəli keçən görüşdə Azərbaycanla Rusiya arasında turizm biznesi istiqamətlərinin inkişafı ilə bağlı mühüm problemlər barəsində geniş fikir mübadiləsi aparıldı. Rusiyadan Azərbaycana turist axınının artması məsələsi, habelə bu təşəbbüs həyata keçirilərkən Rusiya turizm firmalarının qarşılaşdıqları bir sıra problemlər müzakirələrin əsas mövzusu idi.
Rusiyanın turizm firmalarını turistlər üçün təyyarə biletlərinin qiymətini aşağı salmağın mümkünlüyü məsələləri maraqlandırırdı. Bir qayda olaraq, bu məsələ bazarın konyunkturası nəzərə alınmaqla həll edilir. “Azərbaycan Hava Yolları” Dövlət Konserni öz fəaliyyətində Azərbaycana uçuşları həyata keçirən üç aviasiya şirkətinə əsaslanır və onların hamısında təyyarə biletlərinin qiymətləri, demək olar, eynidir. Lakin biz bu məsələni nəzərdən keçirəcəyik. Mən öz tərəfimdən bu məsələni nazirliyimizdə qaldıracağam və onun Rusiya-Azərbaycan hökumətlərarası müqaviləsinin aviasiyaya dair maddəsi çərçivəsində həll edilə biləcəyi istisna deyildir. Yəni, Azərbaycana turizm məqsədi ilə gələn adamlar üçün müəyyən müstəsna qiymət, başqa məqsədlərlə gələn adamlar üçün isə standart qiymət olacaqdır. Bu məsələnin bir çox məqamları var və onları araşdırmaq gərəkdir. Buna baxmayaraq, əldə edilmiş anlaşmaya görə, ancaq turist səfərləri üçün nəzərdə tutulan müəyyən miqdarda biletlər ayrılmalıdır və həmin biletlər yalnız müəyyən turizm agentlikləri vasitəsilə satılacaqdır.
T.Mehdiyev həmçinin bildirmişdir ki, eyni dərəcədə mühüm məsələlərdən biri də Azərbaycandan Rusiyaya reklam axınının gücləndirilməsi ilə bağlı idi. Bundan məqsəd Azərbaycanın turizm biznesindəki vəziyyət, ölkəmizin nə kimi xidmətlər göstərə biləcəyi barədə rusiyalılara daha geniş məlumat verməkdir. Mən görüş iştirakçılarına dövlətimizin turizm sahəsində həyata keçirdiyi tədbirlərdən, Azərbaycanın hər il, əslində, bütün iri beynəlxalq turizm sərgilərində, o cümlədən Moskvada “MİTT” sərgisində iştirak etdiyindən danışdı və “Biz Rusiyada qeydə alınmış turizm firmalarının Moskvada keçirilən beynəlxalq sərgilərdə iştirakının mümkünlüyü məsələsini də müzakirə etdik.
Nazir müavini vurğulamışdır ki, respublikamızın sağlamlıq bazaları – Naftalan kurortu və Naxçıvandakı Duz mədənləri çoxlarını maraqlandıran əsas istiqamətlərdən biridir. Turizmin ovçuluq və balıq ovu, ekstremal turizm kimi növləri də çoxlarında maraq doğurur. Hazırda Azərbaycanda 6 milli park var, bunlarda balıq ovu və ovçuluq kimi turizm növlərini təşkil etmək mümkündür. Bu, qanunvericilikdə də nəzərdə tutulmuşdur. Hazırda həmin istiqamət üzrə də iş gedir.
Ümumrusiya Azərbaycan Konqresi bazasında Turizm Agentlikləri Şurası yaradılmasına dair ideya irəli sürülmüşdür. Bu agentliklər yalnız Azərbaycan istiqamətində işləyəcəklər. Şura öz tədbirlərini əlaqələndirəcək və qarşıya çıxan problemlərin həllinə kömək göstərilməsi üçün ÜAK vasitəsilə birbaşa Gənclər, İdman və Turizm Nazirliyinə müraciət edəcəkdir. Qərara alındı ki, bu Şura iki həftə ərzində yaradılacaq və ona ÜAK-ın vitse-prezidenti, İqtisadi İnkişaf Fondu idarə heyətinin sədri Natiq Ağamirov rəhbərlik edəcəkdir.
T.Mehdiyev son illər Azərbaycanda çoxlu sayda yeni turizm obyektləri tikildiyindən danışaraq bildirmişdir ki, təkcə son vaxtlar təxminən 10 yeni mehmanxananın bünövrəsi qoyulmuşdur və onların əksəriyyəti artıq işləyir. Hazırda Azərbaycan turizmin çimərlik kimi istirahət növünü təklif edə bilər. Xəzər dənizinin sahilindəki Nabran zonasında 15-dək mehmanxana fəaliyyət göstərir. Onların əksəriyyəti sertifikat almışdır və 3, 4 və hətta 5 ulduzludur. Azərbaycanda dağ turizmi, müalicə turizmi, mədəniyyət və memarlıq abidələrinin əksəriyyətinin cəmləşdiyi Bakıda turizmin tarixi növü də təklif oluna bilər.
Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin və Rusiyanın turizm firmalarının münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq üçün onların arasında daha sıx əməkdaşlıq yaradılması barədə də razılaşma əldə edilmişdir. ÜAK-ın bazasında yaradılacaq Şura təkliflərini nazirliyimizə göndərəcək, burada biz onları araşdıracaq və problemlərin həllinə kömək göstərəcəyik. Məsələn, Moskvanın aparıcı turizm firmalarından biri – Türkiyənin turist zonaları ilə işləyən “Ontrevel” firması təklif göndərərək bildirmişdir ki, qəbul və xidmət qiymətləri sərfəli olarsa, yay dövründə Azərbaycana çarter reysi açmaq istərdi. Mən bu məsələni də nazirliyimiz və “Azərbaycan Hava Yolları” Dövlət Konserni qarşısında qaldıracağam. Ümidvaram ki, o, öz həllini tapacaqdır.
T.Mehdiyev daha sonra demişdir ki, Rusiya Turizm Agentlikləri Assosiasiyasının və birgə hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının Rusiya tərəfi nümayəndələrinin iştirak etdikləri görüşdə təhsil proqramının hazırlanması və Rusiyanın turizm biznesi mütəxəssisləri hazırlayan ali məktəblərində Azərbaycan kadrlarının ixtisasının artırılması haqqında razılaşma əldə olunmuşdur. Belə ki, indi Azərbaycanda cəmi bir turist kolleci var. Nazirlik hər il treninq kursları keçirir. Kurslara Türkiyənin məşhur Belikesir Universitetindən mütəxəssislər dəvət edilir. Üç istiqamət üzrə mütəxəssislər – mehmanxana menecerləri, restoran biznesi və turizm agentlikləri menecerləri hazırlanır. Rusiyalı həmkarlar Azərbaycan mütəxəssislərinin təlim keçməsi ideyasını bəyənirlər. Biz turizm sahəsində təhsil məsələlərini də fəal surətdə araşdıracağıq.