AZƏRBAYCANIN YEDDİ BOKSÇUSU YARIMFİNALA VƏSİQƏ QAZANMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 5-də Bakıda yeniyetmələr arasında boks üzrə 6-cı dünya çempionatının növbəti görüşləri keçirilmişdir.
Gün ərzində müxtəlif ölkələri təmsil edən 56 idmançı 7 çəki dərəcəsi üzrə mübarizə aparmışdır.
Azərbaycan boksçuları İlkin Ağayev (52 kq) Özbəkistan təmsilçisi Kobiljon Bobojanovi, Elvin İsayev (46 kq) türkiyəli Seldjuk Ekeri, Elvin Əliyev (54 kq) isə belaruslu Elmar Muxayevi böyük xal üstünlüyü ilə məğlubiyyətə uğratmışlar.
Dünya çempionatında ölkəmizi təmsil edən 13 boksçudan yeddisi - Elvin İsayev (46 kq), İlkin Ağayev (52 kq), Elvin Əliyev (54 kq), Heybətulla Hacəliyev (57 kq), Qismət Eynullayev (60 kq), Anar Cəfərov (63 kq) və Rəşad Abdullayev (86 kq) yarımfinala vəsiqə qazanmışlar. 
Bununla yanaşı, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə hindistanlı boksçu Vikas Yadava, 50 kiloqramda Bəxtiyar Nadirov rumıniyalı Qeorqe Katalinə, 66 kiloqram çəki dərəcəsində Murad Ağamalıyev özbəkistanlı Avazbek Akramova, 70 kiloqram çəki dərəcəsində isə Fərid Mövsümov gürcüstanlı Roman Tavadzeyə məğlub olmuşlar.
Sentyabrın 6-da yarışlara bir günlük fasilə veriləcək, ayın 7-də yarımfinalçılar qarşılaçacaq, 8-də isə birinci, ikinci yerləri tutan boksçular mükafatlandırılacaqlar.
Sentyabrın 5-də digər görüşlərdə müxtəlif çəki dərəcələri üzrə mübarizədə qalib gələn boksçular - Pavlo İşenko, Nicat İbrahimov (Ukrayna), Kiprian Arodarese (Ruminiya), Lui Berd, Frenki Qomes (ABŞ), Kumar Vipin, Umeş Yadav (Hindistan), Li Syan Min, Syun Donq Xyun, Lu Yonq Yeob (Koreya Respublikası), Djamal Yafai (Macarıstan), Lasaro Estrada, Pey Plat (Kuba), Yevgeni Avetin, Qriqori Nikolayçuk (Rusiya), Fazliddin Qaibnazarov (Özbəkistan), Eleusinov Danyar, Erlan Seidaliev (Qazaxıstan), Viktor Metern (Almaniya) və Zak Dann (Avstraliya) da yarımfinala vəsiqə qazanmışlar.