AZƏRBAYCANIN YÜKSƏK SOSİAL-İQTİSADİ İNKİŞAFI QARŞIDAKI İLLƏRDƏ DƏ DAVAM EDƏCƏKDİR
ÜDM-in yüksək artımı qeyri-dövlət sektorunun da inkişafı ilə müşahidə olunacaqdır. Qeyri-dövlət sektorunun ÜDM-də xüsusi çəkisinin 2006-cı ildə 77 faiz, 2007-ci ildə isə 79 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
Sənayedə real artım tempinin 2006-cı ildə 55,2 faiz, 2007-ci ildə 41,8 faiz, kənd təsərrüfatında müvafiq surətdə 9,5 və 10 faiz olacağı gözlənilir. Bu il rabitə sahəsində real artımın 35 faiz, gələn il 25 faiz, nəqliyyatda müvafiq surətdə 16 faiz və 20 faiz təşkil edəcəyi, sosial və qeyri-formal xidmətlər bölməsində 2006-cı ildə 5 faizlik, 2007-ci ildə isə 6 faizlik artıma nail olunacağı proqnozlaşdırılır.
Əhaliyə göstərilən pullu xidmətlərin həcminin 2006-cı ildə 21,1 faiz artaraq 1,2 milyard AZN, 2007-ci ildə isə 21,2 faiz yüksələrək 1,5 milyard manatdan çox olacağı gözlənilir.
Sərmayə mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdiriləcəkdir. Bütün mənbələr hesabına ölkə iqtisadiyyatına bu il 7,7 milyard AZN, 2007-ci ildə 7,8 milyard AZN sərmayə yatırılacağı proqnozlaşdırılır.
Xarici sərmayələrin həcminin bu 4,6 milyard AZN-ə yaxın olacağı, 2007-ci ildə isə 3,6 milyard AZN təşkil edəcəyi gözlənilir.
Həyata keçirilən tədbirlər əhalinin pul gəlirlərinin, orta aylıq əmək haqqının və pensiyaların artımı ilə nəticələnəcəkdir. Belə ki, iqtisadiyyatın ayrı-ayrı sahələrində çalışan işçilərin orta aylıq əmək haqqının bu il 25 faiz artaraq, 156,1 manat, 2007-ci ildə isə 195,1 manat olacağı proqnozlaşdırılır. Ümumilikdə, əhalinin gəlirlərinin 2006-cı ildə 27,4 faiz, 2007-ci ildə isə 22,5 faiz artacağı gözlənilir.
Ölkəmizin ticarət dövriyyəsində də ciddi artım müşayiət olunacaqdır. Bu göstəricinin cari ildə 16,7 milyard AZN-ə yaxın, 2007-ci ildə isə 19,7 milyard manatdan çox olacağı proqnozlaşdırılır (hesablamalarda 1 barrel neftin orta ixrac qiyməti 50,0 ABŞ dolları səviyyəsində götürülmüşdür).
Göründüyü kimi, iqtisadiyyatımız dinamik inkişaf edir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlər 2006-cı ildə, eləcə də qarşıdakı illərdə də ölkəmizin daha sürətli sosial-iqtisadi inkişafını və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsini təmin edəcəkdir.