İQTİSADİYYAT
Azərbaycanla AİB arasında aqrar sahədə əməkdaşlıq əlaqələri müzakirə olunub
Bakı, 11 noyabr, AZƏRTAC
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti Yingming Yangın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Asiya İnkişaf Bankı arasında əlaqələr müzakirə olunub.
Nazir Məcnun Məmmədov bildirib ki, aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir. Azərbaycan bu tərəfdaşlığı daha da gücləndirəcək və ölkəmizin davamlı inkişaf məqsədlərinə töhfə verə biləcək yeni təşəbbüslərin müzakirəsinə xüsusi önəm verir. Azərbaycan hökuməti kənd təsərrüfatının inkişafı siyasəti və strategiyası əsasında Asiya İnkişaf Bankı ilə səmərəli əməkdaşlıqda maraqlıdır.
Görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətinə toxunulub, bu mötəbər tədbirin iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə vacib hadisə olduğu vurğulanıb.
AİB-nin Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti Yingming Yang təmsil etdiyi qurumun fəaliyyəti, müxtəlif ölkələrdə həyata keçirdikləri kənd təsərrüfatı layihələri barədə geniş məlumat verib, Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq imkanlarından danışıb.
Görüş zamanı Asiya İnkişaf Bankı ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş layihələrin əhəmiyyəti vurğulanıb, əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Tərəflər gələcək əməkdaşlıq üçün prioritet istiqamətlər - aqrar sahədə məhsuldarlığın daha da artırılması, torpaq və su ehtiyatlarının tam həcmdə qorunması, resursların səmərəli istifadə və idarə olunması, aqro-ərzaq sistemlərinin rəqəmsal transformasiyası, qida istehsalı və emalı sahəsində beynəlxalq standartlara cavab verməklə ixrac potensialının artırılması, aqrar sahədə təhsil, təlim və elmi-tədqiqat işlərinin gücləndirilməsi, kənd yerlərinin və icmaların davamlı inkişafı üçün dayanıqlı kənd təsərrüfatı sisteminin qurulması mövzuları ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə Asiya İnkişaf Bankı ilə əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi və işçi qrupu səviyyəsində kənd təsərrüfatının inkişafı üzrə layihələrin hazırlanması işinin davam etdirilməsi barədə razılıq əldə olunub.