AZƏRBAYCANLA AVROPA ŞURASI ARASINDAKI SIX ƏMƏKDAŞLIQ DEMOKRATİYANIN İNKİŞAFINDA MÜHÜM ROL OYNAYIR
Murtuz Ələsgərov qonaqları səmimi salamladıqdan sonra demişdir ki, son vaxtlar Avropa Şurasının sədri və Baş katibi başda olmaqla nümayəndə heyətlərinin Bakıya tez-tez səfərləri qurumun Azərbaycana xüsusi diqqət və maraq göstərdiyini sübut edir. Rəsmi Bakı da Avropa Şurası ilə əlaqələrin inkişafında maraqlıdır və bunun üçün əlindən gələni edir. Avropa Şurasına üzvlük zamanı götürülmüş öhdəliklərin böyük əksəriyyəti yerinə yetirilmiş, qurumun 40-dan çox konvensiyası Milli Məclisdə təsdiqlənmiş, qanunlarımızın çoxu Avropa standartlarına uyğunlaşdırılmışdır. AŞ və ATƏT-in ekspertlərinin yaxından köməyi ilə yeni Seçki Məcəlləsi qəbul edilmiş, İctimai Televiziya fəaliyyətə başlamış və digər islahatlar həyata keçirilmişdir. Hazırda ölkəmiz yeni seçki ərəfəsindədir və seçkilər yeni Məcəllənin tələblərinə uyğun keçiriləcək, əhali İctimai Televiziya vasitəsilə prosesi tam izləyə biləcəkdir. Azərbaycan Prezidenti seçkilərin demokratikliyini təmin etmək məqsədi ilə xüsusi sərəncam imzalamış, icra strukturlarının seçkilərə müdaxiləsi qanunla qadağan edilmişdir. Hakimiyyət bu seçkilərin tam demokratik, azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün mümkün vasitələrdən istifadə edəcəkdir. Seçki prosesini 2 mindən artıq xarici müşahidəçi izləyəcək və inanırıq ki, onların və sizin də yaxından köməyiniz sayəsində biz istəyimizə nail olacağıq.
Nümayəndə heyətinin rəhbəri Leo Platvoyet səmimi qəbul və ətraflı məlumat üçün minnətdarlıq etdikdən sonra demişdir ki, Bakıya səfərdən məqsəd ölkədə seçkiqabağı vəziyyətlə tanış olmaq, bir sıra görüşlər keçirməklə ətraflı məlumatlar əldə etməkdir.
O, Azərbaycanda həyata keçirilən islahatlardan razılıqla danışmış və qeyd etmişdir ki, Avropa Şurası həqiqətən də Azərbaycana xüsusi maraq göstərir və ikitərəfli əməkdaşlığın genişləndirilməsi demokratiyanın inkişafında mühüm rol oynayır. Ümid edirik ki, bu seçkilər azad, şəffaf və demokratik keçiriləcək və biz sizinlə istəyimizə nail olacağıq.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.