CƏMİYYƏT
Azərbaycanla BƏƏ-nin prokurorluq orqanları arasında əməkdaşlıq genişləndirilir
Bakı, 14 noyabr, AZƏRTAC
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.
Noyabrın 14-də Baş prokuror Kamran Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş prokurorunun müavini Sultan Əl-Cüveydin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Baş Prokuror Kamran Əliyev bildirib ki, Azərbaycanla BƏƏ arasında möhkəm diplomatik münasibətlər var. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib. O, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətindən bəhs edərək vurğulayıb ki, bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən noyabrın 15-də keçiriləcək "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiyası barədə danışan tərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığının çox böyük rolu olduğunu qeyd ediblər.
Birləşmiş Ərəb Əmirliklərinin Baş prokurorunun müavini Sultan Əl-Cüveyd səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkəmizdə keçirilən ən böyük iqlim konfransı, COP29-un Azərbaycanın sədrliyi ilə uğurla davam etdiyini vurğulayıb.
Sultan Əl-Cüveyd iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın bütün platformalarda genişlənəcəyinə əminliyini ifadə edib.
Qonaqlar Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub, onlara prokurorluğun fəaliyyətini əks etdirən müxtəlif guşələrdəki eksponatlarla bağlı ətraflı məlumat verilib.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.