İQTİSADİYYAT
Azərbaycanla Gürcüstanın enerji sistemləri optik kabellə əlaqələndirilib
Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycan-Gürcüstan sərhədində hər iki ölkənin enerji sistemləri üçün əhəmiyyətli layihə reallaşdırılıb. Belə ki, ötən il dekabrın 18-də “Gürcüstan Dövlət Elektrosistem” və “Azərenerji” səhmdar cəmiyyətlərinin rəhbərləri tərəfindən imzalanan memoranduma uyğun olaraq, bu il dekabrın 12-13-də hər iki ölkənin enerji sistemləri optik kabellə əlaqələndirilib.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, qurumun nümayəndəsi Əhməd Muradlı, “Gürcüstan Dövlət Elektrosistem”dən Georgi Amuzaşvili və “SakRusenergo”dan Vaxtanq Kikvadze optik kabelin qoşulması prosesinə nəzarət ediblər. Optik kabellə əlaqələndirilmə hər iki ölkənin enerji sistemləri arasında məlumat mübadiləsinin artmasına xidmət edəcək, SCADA məlumatlarının, rele mühafizəsi və əks qəza təsirlərinin ötürülməsində əvəzsiz rol oynayacaq. Eyni zamanda, elektrik enerjisinin idxal-ixrac prosesini real vaxt rejimində izləməyə texniki imkan yaradacaq. Optik kabel Azərbaycanın 500 kilovoltluq “Samux” yarımstansiyası ilə Gürcüstanın 500 kilovoltluq “Qardabani” yarımstansiyasını və oradan da bütün sistemi əlaqələndirəcək.
Qeyd edək ki, hazırda Gürcüstanla elektrik enerjisi mübadiləsində etibarlılığı artırmaq və daha çox elektrik enerjisi ixrac etmək, o cümlədən bu ölkədən tranzit etməklə Avropa bazarına çıxış imkanlarını daha da artırmaq məqsədilə 330 kilovoltluq “Ağstafa-Qardabani” hava xətti 44 kilometr məsafədə, 2 dövrəli variantda yenidən qurulur. Layihə üzrə quraşdırılacaq 162 ədəd dayaqdan artıq 155-i quraşdırılıb və işlərin böyük hissəsi görülüb.
Xatırladaq ki, Gürcüstan Azərbaycanın ən böyük elektrik enerjisi ixrac etdiyi ölkədir.