AZƏRBAYCANLA İRAN ARASINDA İQTİSADİ ƏLAQƏLƏR GENİŞLƏNMİŞDİR
DGK sədri iki qonşu ölkənin mövcud əlaqələrindən söhbət açmış, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dostluq, qardaşlıq münasibətlərinin inkişaf dairəsinin getdikcə genişləndiyini bildirmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, hər bir sahədə olduğu kimi, xarici iqtisadi siyasətdə də önəmli addımlar atıldığını diqqətə çatdıran komitə sədri qonşu ölkə ilə iqtisadi-ticarət əlaqələrinin daha da əhatəli olmasını qarşılıqlı əməkdaşlıq üçün vacib amillərdən biri kimi səciyyələndirmişdir.
Azərbaycan və İran dövlətlərinin qədim tarixi dostluq ənənələrinə malik olduğunu söyləyən Aydın Əliyev iki ölkənin gömrük xidmətlərinin mövcud işgüzar əməkdaşlığına toxunaraq qeyd etmişdir ki, məhz bunun nəticəsində ölkələrimiz arasında iqtisadi əlaqələr daha da genişlənmiş, mal dövriyyəsinin həcmi artmış, vətəndaşların sərhəddən keçməsi prosesi sadələşmişdir. İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində İranın gömrük xidməti ilə mövcud əlaqələrin uğurlu inkişafından söhbət açan Aydın Əliyev DGT Regional Tədris Mərkəzində İƏT-in üzv dövlətlərinin gömrük xidmətləri əməkdaşları üçün təşkil olunacaq seminarlarda iranlı gömrükçülərin də iştirak edəcəyinə ümidvar olduğunu bildirmişdir. Komitə sədri qarşılıqlı əməkdaşlığın bundan sonra da inkişafı naminə münasibətlərin davamlı olacağına əminliyini ifadə etmişdir.
Səfir Aydın Əliyevi yeni təyinatı münasibətilə təbrik etmişdir. Diplomat iki ölkə arasında əlaqələrin mövcud vəziyyətindən razı qaldığını, səfir kimi bu əməkdaşlığın inkişafı üçün əlindən gələni əsirgəmədiyini vurğulamışdır. Əfşar Süleymaninin sözlərinə görə, keçirilən mütəmadi görüşlər ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə böyük təsir göstərir.
Səfir iki ölkə arasında sərhədyanı ticarətin genişlənməsinin, gömrük-sərhəd buraxılış məntəqələrinin sayının artırılması üçün razılaşmaların vacibliyini qeyd etmiş və bildirmişdir ki, bu İran-Azərbaycan iqtisadi-ticarət əlaqələrinin potensial gücünü daha da artırar.
DGK sədri bu məqsədlə verilən təkliflərin qarşılıqlı surətdə araşdırılacağını diqqətə çatdırmışdır.
Tərəflər “Horadiz” gömrük keçid məntəqəsinin açılması istiqamətində aparılan işlərin sürətlənməsinin vacibliyini də vurğulamışlar.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.