AZƏRBAYCANLA NORVEÇ ARASINDA MƏDƏNİ ƏLAQƏLƏR GENİŞLƏNDİRİLİR
Səfər çərçivəsində P.Bülbüloğlu Krallığın paytaxtı Osloda mədəniyyət naziri xanım Valgerd Svarstad Hauqland, Xarici İşlər nazirinin birinci müavini, dövlət katibi Kim Traavik və Norveç hökuməti Mədəniyyət Şurasının sədri ilə görüşlər keçirmişdir. Danışıqlarda dövlətlərimiz arasında mədəni əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətraflı müzakirə olunmuşdur. Tərəflər Norveç və Azərbaycan sənətçilərinin qarşılıqlı qastrol səfərlərinin təşkili, müştərək festival və müsabiqələrin, xalqlarımızın milli mədəniyyətlərini əks etdirən digər tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulamışlar.
Görüşlərdə Norveçin “Skruk” xorunun respublikamızda konsert proqramlarının Azərbaycan tamaşaçıları tərəfindən rəğbətlə qarşılandığı xatırlanmışdır. Söhbətlərdə Azərbaycanın mədəniyyət naziri ötən il Norveç humanitar cəmiyyətinin maliyyə vəsaiti ilə Şəkinın Kiş kəndindəki Alban məbədinin bərpa olunmasını razılıq hissi ilə qeyd etmişdir.
“Rikskonserten” Norveç konsert institutu və İbsen muzeyi ilə tanışlıq və həmin müəssisələrin rəhbərləri ilə görüşdən sonra P.Bülbüloğlu Oslodan Bergen şəhərinə gedərək burada Beynəlxalq festivalın açılışında iştirak etmişdir.
Azərbaycan mədəniyyət nazirinin Norveç Krallığına səfəri davam edir.