İQTİSADİYYAT
Azərbaycanla Qətər arasında İKT sahəsində Anlaşma Memorandumu imzalanıb
Bakı, 10 dekabr, AZƏRTAC
Qətərin paytaxtı Doha şəhərində keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “ITU Telecom World 2014” sərgisində Azərbaycanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərgidə sahəsi 120 kvadrat metr olan Azərbaycan pavilyonu fəaliyyət göstərib.
Açılış mərasimində Qətərin baş naziri Şeyx Abdullah bin Naser bin Xəlifə Al Tani, informasiya və kommunikasiya texnologiyaları (İKT) naziri Hessa Sultan Əl-Cabir, BTİ-nin baş katibi Hamadun Ture və “Ooredoo Group”un Direktorlar Şurasının sədri Şeyx Abdullah bin Məhəmməd bin Səud Al Tani çıxış ediblər.
Nazir Əli Abbasov “Rəqəmli fərqliliyin aradan qaldırılması”, “Geniszolaqlı internetin universal xidmətə çevrilməsi üçün addımlar” və “Çevik idarəçilik: Rəqəmli iqtisadiyyatın inkişafı” panellərində məruzə ilə çıxış edib.
Nazir Ə.Abbasovun Rusiyanın rabitə və kütləvi kommunikasiya naziri Nikolay Nikiforov, Qətərin informasiya və kommunikasiya texnologiyaları naziri xanım Hessa Sultan Əl-Caber, “Cisco” şirkətinin vitse-prezidenti Rober Pepper, UNESCO baş katibinin müavini Qetaçu Enqid və digər nümayəndələr ilə ikitərəfli görüşlərində əməkdaşlıq məsələləri müzakirə olunub.