Azərbaycanlı alimin Qarabağın faydalı qazıntılarından bəhs edən kitabı gürcü dilinə çap olunub
Tbilisi, 31 yanvar, AZƏRTAC
Azərbaycanlı alim, geologiya-mineralogiya elmləri doktoru, Cəbrayıl Azadəliyev Əbdüləli oğlunun “Dağlıq Qarabağın geologiyası və faydalı qazıntıları” kitab-monoqrafiyası gürcü dilində çap olunub.
AZƏRTAC xəbər verir ki, monoqrafiyada mürəkkəb geoloji quruluşu və yeraltı sərvətləri ilə zəngin olan Qarabağın strukturunun geoloji-tektonik mövqeyi, struktur- formasioan zonalar üzrə antiklinorilərin, sinklinorilərin, köndələn çökəklərin, qalxıntıların quruluşu tədqiq olunub.
Kitabda Kiçik Qafqaz regionunun Azərbaycan hissəsində (Naxçıvan Muxtar Respublikası istisna olunmaqla) yerləşən faydalı qazıntı yataqları, onların geologiyası, genezisi ilə yanaşı faydalı qazıntı kütləsinin ehtiyatı haqqında məlumatlar öz əksini tapıb.
Ümumilikdə “Dağlıq Qarabağın geologiyası və faydalı qazıntıları” kitabı nəzəri və təcrübi əhəmiyyət kəsb edən elmi əsər hesab olunur.
C.Azadəliyevin Kiçik Qafqazın Lok-Qarabağ və Göyçə-Həkərə struktur formasion zonalarında mövcud olan filiz və qeyri-filiz faydalı qazıntı yataqlarını öyrənmək məqsədilə uzun illər ərzində apardığı genişmiqyaslı kompleks tədqiqatların müsbət dalğası Naxçıvan Muxtar Respublikasından yan keçməmişdir.
O, 1971-1990-cı illərdə Araz və Misxana-Zəngəzur struktur-formasion zonaları hüdudlarında Naxçıvanın cənub-şərqində Ketam-Kilitdən başlayaraq şimal-qərbində Batabata qədər geniş dağlıq ərazidə Azərbaycan MEA Geologiya İnstitutunun xətti ilə genişmiqyaslı elmi-tədqiqat işləri aparmış, regionunun müxtəlif sahələrinin faydalı qazıntılar üzrə perspektivli olmasını müəyyən etmişdir.
C.Azadəliyev bir alim kimi qonşu Gürcüstanda da yaxşı tanınır. O, tələbə olan zaman istehsalat praktikasını Gürcüstanın Dmanisi rayonunun Mamula-Sopeli kəndi ərazisində keçirib. Buradakı mis-molibden yatağında axtarış-geoloji syomka və axtarış kəşfiyyat işləri aparıb.
Gürcüstan alimləri C.Azadəliyev ilə birgə elmi məsləhətləşmələr aparıb, təcrübə mübadiləsi ediblər.
Məlumat üçün bildirək ki, azərbaycanlı alim 300-dən çox elmi əsərin, o cümlədən 5 monoqrafiya, dərsliklərin, dərs vəsaitlərinin, eləcə də bakalavriantlar və magistrantlar üçün tədris proqramlarının müəllifidir.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi