Azərbaycanlı deputatın məruzəsi AŞPA-da qəbul edilib
Strasburq, 1 oktyabr, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız yarımsessiyasında təcili prosedurlara dair debatlarda Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Kamal Cəfərovun hazırladığı “Genişləndirilmiş əməkdaşlığa və elektron sübutların açıqlanmasına dair Kibercinayətkarlıq haqqında Konvensiyanın İkinci Əlavə Protokol layihəsi” üzrə məruzəsi dinlənilib. Məruzə müzakirə olunub və səsə qoyularaq qəbul edilib.
AZƏRTAC xəbər verir ki, protokol layihəsi üzrə məruzə bu gün daha çox üzləşilən kibercinayətkarlıq sahəsində dövlətlərin birgə əməkdaşlığını təmin etmək üçün hüquqi bazanı təkmilləşdirmək və daha da möhkəmləndirmək məqsədilə hazırlanıb.
Layihə ilə bağlı rəylər haqqında məlumat verən azərbaycanlı deputat bildirib ki, ekspertlər protokol layihəsinin hüquqi dövlət və insan haqlarına dair sahəsində xeyli suallar doğurduğunu qeyd ediblər. Ən çox mübahisə edilən müddəaların hüquq-mühafizə orqanlarının internet xidmət təminatçıları və digər iştirakçı dövlətlərdəki özəl qurumlarla “birbaşa əməkdaşlığın” mümkünlüyü ilə bağlıdır. Vurğulanıb ki, protokol layihəsinin əsas məqsədi kibercinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlığı asanlaşdırmaqdır.
Konvensiya və onun protokolları kibercinayətkarlıqla mübarizədə daha çox dövlətin iştirakını tələb edir. Mətnlər, hətta ən çox inkişaf etmiş dövlətlərə daha güclü müdafiə təmin edir. Məlumatların qorunmasına dair ən güclü müdafiə Konvensiyanın və onun protokollarının kommunikasiya məqsədlərini sual altına qoymamalı, kibercinayətkarlığa qarşı beynəlxalq əməkdaşlığın səmərəliliyini təmin etməlidir.
Məruzədə yeni mətnə əlavə üçün irəli sürülmüş təkliflərin bəzilərinin daha konstruktiv olduğu qeyd olunub, düzəlişlərin insan hüquqlarının müdafiəsini, xüsusilə də özəl həyatın qorunması və ədalətli mühakimə üçün əsas hüquqlarını təkmilləşdirilməsini hədəflədiyi bildirilib. Vurğulanıb ki, bəzi peşələrin, eləcə də hüquqşünasların imtiyaz və toxunulmazlığına hörmət, protokol layihəsində nəzərdə tutulmuş vasitələr təkcə mühakimə üçün deyil, həm də müdafiə üçündür.
Kamal Cəfərovun məruzəsinə əsaslanaraq elektron sübutların genişləndirilməsi və əməkdaşlığın gücləndirilməsi ilə bağlı Kibercinayətkarlıq haqqında Konvensiyanın İkinci Əlavə Protokolunun layihəsinə rəy verən Assambleya hesab edib ki, bu İkinci Əlavə Protokol prinsipcə düzgün tarazlıq yaradır. Müxtəlif maraqlı tərəflərin çoxsaylı təklifləri nəzərdən keçirilərək, insan hüquqlarının, xüsusilə də özəl həyat hüququnun müdafiəsinin daha da gücləndirilməsi üçün təkmilləşdirmələr təklif edilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq