Azərbaycanlı Munir Məmmədzadə UNICEF-in Ukrayna üzrə nümayəndəliyinin rəhbəri təyin edilib
Kiyev, 17 noyabr, АZƏRTAC
Azərbaycanlı Munir Məmmədzadə BMT-nin Uşaq Fondunun (UNICEF) Ukraynadakı nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin edilib.
AZƏRTAC xəbər verir ki, M.Məmmədzadə akkreditasiya sənədini Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Caparovaya təqdim edib.
M.Məmmədzadə yeni təyinata qədər üç il UNICEF-in Özbəkistandakı nümayəndəliyinin rəhbəri, Qırğızıstandakı nümayəndəliyinin rəhbərinin müavini olub. Təşkilat daxilində, həmçinin BMT sistemi çərçivəsində əlaqələndirmə proqramlarına başçılıq edib.
O, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri olub, iyirmi il insan hüquqları, gənclər siyasəti və inkişaf məsələləri, uşaq hüquqları sahələrində məsul vəzifələrdə çalışıb.
M.Məmmədzadə Azərbaycan və Qırğızıstandan başqa, UNICEF-in Avropa, Mərkəzi Asiya, Moldova və Nepaldakı regional ofislərində işləyib. O, Moskva Dövlət Açıq Universitetini bitirib, İsveçrənin Friburq Universitetində uşaq hüquqları üzrə magistr dərəcəsi alıb. Rus, ingilis və türk dillərində sərbəst danışır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev