Azərbaycanlı musiqiçi Baykal Milad Festivalında çıxış edib
Moskva, 13 yanvar, AZƏRTAC
Ulan-Udedə Buryat Dövlət Opera Teatrının əsas səhnəsində XV Baykal Milad Festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində parlaq çıxışı ilə fərqlənən Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Moskvanın "Helikon Opera" Teatrının solisti Elnarə Məmmədova gurultulu alqışlarla qarşılanıb.
Perm Opera və Balet Teatrının solisti, bariton Enxbat Tuvşinjargal onunla səhnəni bölüşüb. Gecənin konsertmeysteri Rusiyanın Xalq artisti Darima Linxovoin olub.
İki hissədən ibarət konsertin birinci hissəsində rus bəstəkarlarının kamera musiqisi səsləndirilib. Elnarə Məmmədova proqrama SSRİ Xalq artisti, Azərbaycan bəstəkarı Arif Məlikovun romanslarını daxil edib. Tamaşaçılar Elnarə Məmmədovanın istedadına və Arif Məlikovun yaradıcılığına heyran qalıblar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva