AZƏRBAYCANLI TƏLƏBƏ BEYNƏLXALQ FORUMDA İŞTİRAK ETMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, foruma İtaliya, İspaniya, Fransa, Belarus, Danimarka, Estoniya, Finlandiya, Moldova, Azərbaycan, Makedoniya, Rumıniya, Rusiya və Ukraynadan 35-ə yaxın gənc qatılmışdı. İştirakçılar ölkələrində gənclərin problemləri, ictimai-siyasi proseslərdə iştirakı, gənclər təşkilatlarının yaradılma mexanizmi, həmçinin dövlətin gənclərə qayğısı barədə fikir mübadiləsi aparmışlar.
Tədbir zamanı işçi qruplarında “Narkomaniya və gənclik”, “QİÇS-lə mübarizə”, “Gənclərin təhsilə cəlb olunması”, “Beynəlxalq tələbə mübadiləsi”, “Gənclər və onların siyasi bilikləri” və başqa mövzularda seminarlar keçirilmişdir.
Müzakirələrdə fəal iştirak edən İradə Rəhimova Azərbaycan gəncliyi, mədəniyyətimiz, adət-ənənələrimiz haqqında danışmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, el-obasından didərgin düşmüş qaçqınların problemlərini diqqət mərkəzinə çəkmişdir. Yığıncaqda gələcək əməkdaşlıq və birgə işlərlə bağlı məsələlər də müzakirə olunmuşdur.
Forumun növbəti görüşü iyun ayında iştirakçı dövlətlərin birində keçiriləcəkdir.