Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Almatıda “dəyirmi masa” keçirilmişdir
Astana, 31 mart (AZƏRTAC). Azərbaycanın Qazaxıstandakı səfirliyi və “Ozan” Azərbaycanlılar Cəmiyyətinin təşkilatçılığı ilə Almatıda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı “dəyirmi masa” keçirmişdir. Tədbirdə Almatıda yaşayan azərbaycanlılarla yanaşı, digər xalqların diaspor mərkəzlərinin nümayəndələri də iştirak etmişlər. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
“Dəyirmi masa”da çıxış edən səfirliyin nümayəndəsi 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Fərmana əsasən, 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dünya ictimaiyyətinin Azərbaycan həqiqətlərindən xəbər tutmağa başladığını vurğulamışdır. XIX əsrin əvvəllərində ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi, erməni ekspansionizminin geniş vüsət alması və türk-müsəlman əhalisinə qarşı törədilən təxribat, soyqırımı aktları tarixi faktlarla mərasim iştirakçılarının diqqətinə çatdırılmışdır.
Digər çıxış edənlər də ermənilərin Azərbaycan torpaqlarında törətdikləri qanlı faciələrdən danışmış, bu barədə dünya xalqlarına daha geniş məlumatlar çatdırılmasının vacibliyini vurğulamışlar.
Sonda azərbaycanlıların soyqırımından bəhs edən sənədli film nümayiş olunmuşdur.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana