“Azərbaycanlıların soyqırımı və deportasiya tarixi” mövzusunda konfrans keçirilmişdir
Bakı, 31 mart (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində “Azərbaycanlıların soyqırımı və deportasiya tarixi” mövzusunda elmi konfrans keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə 31 mart soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ermənilərin xalqımıza qarşı yürütdüyü soyqırımı siyasəti, soydaşlarımızın amansızlıqla qətlə yetirilməsi, repressiya və deportasiyaya məruz qalması, etnik təmizləmə, ərazilərimizin bir hissəsinin işğal edilməsi haqda ətraflı məlumat vermişdir. Ermənilərin Naxçıvanda törətdikləri kütləvi qırğınlardan bəhs edən akademik erməni daşnakçılarının soyqırımı və təcavüz siyasətinin mahiyyətini açıqlamışdır.
İ.Hacıyev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə çatdırılması istiqamətində Bölmənin əməkdaşlarının da öhdəsinə böyük vəzifələr düşdüyünü vurğulamışdır. O demişdir ki, institut əməkdaşları bu mövzuda tədqiqatlarını genişləndirməli, monoqrafiyalar, kitablar nəşr etdirməli, sənədli materiallar hazırlamalı, eyni zamanda internet vasitəsilə təbliğat aparmalıdırlar.
Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “1918-ci il mart soyqırımı: səbəbləri, nəticələri, dərsləri”, institutun elmi işçiləri İlham Əliyev “Ermənilərin Naxçıvanda törətdikləri vəhşiliklər və əhalinin Naxçıvanın müdafiəsi uğurunda mübarizəsi”, tarix elmləri üzrə fəlsəfə doktoru Emin Şıxəliyev “Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti”, Yaşar Rəhimov “Azərbaycanlıların deportasiyası və bunun nəticələri” mövzularında məruzələrlə çıxış etmişlər.
Sonda erməni vəhşiliklərini əks etdirən “Azərbaycanlıların soyqırımı və deportasiya tarixi” adlı video-slayd nümayiş olunmuşdur.